Mübariz İbrahimovun atası dindarlara etiraz etdi

Mübariz İbrahimovun atası dindarlara etiraz etdi
  07 Noyabr 2015    Oxunub:8866
“Oğlum, Milli Qəhrəman Mübariz İbrahimovun Vətən uğrunda göstərdiyi igidlik və qəhrəmanlıq xalqımız və Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən hər zaman yüksək qiymətləndirilir və ailəmiz böyük diqqət və qayğı ilə əhatə olunub. Qədirbilən xalqımız və dövlətimiz bütün şəhidlərimizin, o cümlədən oğlum Mübarizin əziz xatirəsini həmişə uca tutur”.
Bu sözlər Biləsuvar rayonu Əliabad kənd sakini, Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimovun kütləvi informasiya vasitələrinə ünvanlanmış məktubunda yer alıb.

Şəhidlərin xatirəsinə və onların ailə üzvlərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan xalqına və Prezident İlham Əliyevə ürəkdən minnətdar olduqlarını bildirən Ağakərim İbrahimov yazır: “Bütün bunları vurğulamaqda məqsədim odur ki, son günlər bəzi radikal dindarlar oğlum Mübariz İbrahimovun şəhidliyinin ildönümündən sui-istifadə edərək onun məzarını ziyarət etmək bəhanəsi ilə qanunsuz hərəkətlər törətməyə cəhdlər göstərirlər. Onun əziz xatirəsini böyük qürurla qeyd etdiyimiz bir vaxtda bundan öz çirkin niyyətləri üçün istifadə etmək istəyirlər. Bu da bir ata kimi həm məni, həm də ailə üzvlərimi ciddi narahat edir və qəlbən incidir”.

Milli Qəhrəmanın atası özünün və ailəsinin adından belə şəxslərə kütləvi informasiya vasitələri ilə bir daha müraciət edərək, onları şəhid ruhunu və şəhid valideynlərini incidən təxribatçı əməllərdən çəkinməyə çağırır.


Teqlər:





Xəbər lenti