Zirvələrdə dalğalanan bayrağımız

Zirvələrdə dalğalanan bayrağımız
  07 Noyabr 2015    Oxunub:3061
Çırpınırdı Qara dəniz
Baxıb Türkün bayrağına!
"Ah!..." deyərdim, heç ölməzdim
Düşə bilsəm ayağına.
Bu misraları ilk dəfə oxuyanda açığı desəm mənasını o qədər də dərk etmirdim. Uşaq idim, qınamaq da olmazdı... Amma illər keçdikcə bayraq mənim üçün hər şey oldu: üzərində durduğum torpaqdan tutmuş, başımın üzərindən sonsuzluqlara uzanan səmaya qədər. Sonralar paraplanla səmanın dərinliklərində süzərkən, aşağıda gördüyüm yaşıl meşələr, üfüqdə gördüyüm günəşin qızılı-qırmızı şəfəqləri, səmanın əks tərəfindəki bəyaz buldurlar və başımın üstündəki mavi səma mənə elə həmişə bayrağımızı xatırladırdı. Necə də ideal təsadüf: göy, qırmızı və yaşıl; bəyaz buludlar isə aypara və səkkizgüşəli ulduz...

Təbiət də sanki bayrağımızın rənginə boyanmışdı. Türkçülüyümü də, islamçılığımı da, müasirliyimi də bu bayraqda tapdım mən. Bayraqdan boş yerə söz açmadım. Noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı günüdür.

Bayrağımızın tarixindən və rənglərinin ifadə etdiyi mənalardan danışmayacağam. Bayrağımıza verilən dəyərdən və ona olan sevgidən danışacağam. Hər bir dövlət qurumu, hər bir təşkilat, vətənin daşı olmağa hazır olan hər bir vətəndaş bayrağa sevgilərini fərqli şəkildə ifadə edir. Kimisi eyvanından asmaqla, kimisə zirvələrdə dalğalandırmaqla. Zirvələr demişkən... Elə dağçılıqla məşğul olan Azərbaycan Hava və Ekstrim İdman növləri Federasiyası (FAIREX) da hər zaman bayrağımızla bir addımlayıb. Üçrəngli bayrağımız Bazardüzü, Şahdağ, Heydər, Çingiz Mustafayev zirvələrindən tutmuş, Kilimancaronun Uhuru və Pamirin Lenin zirvələrinə kimi neçə-neçə zirvələrdə dalğalandırılıb. FAIREX bu dəfə də bayrağımıza olan sevgisini göstərdi. Bayraq günü ərəfəsində “ClimBaku”da qayayadırmanmanın “Boludring” mərhələsi üzrə 7-8 noyabr tarixlərində möhtəşəm bir yarış təşkil etməklə.

Bayraq günündə bayrağımıza SMEF, yəni Səmti Müəyyənetmə Federasiyası da dəyər verdi, onu unutmadı. 7-8 noyabr tarixlərində Qalaaltı və Nabranda səmti müəyyənetmənin OPEN və ELİT növləri üzrə ölkə əhəmiyyətli yarışı keçirməklə.

Bayraqla bağlı yazımı burada bitirmək istəyirəm, amma unutmayın ki, bayraq zirvələrdə dalğalanmaqda davam edəcək.

Ziya Qasımov


Teqlər:





Xəbər lenti