“İranı azərbaycanlılar idarə etməlidir” - Partiya sədri

“İranı azərbaycanlılar idarə etməlidir” - Partiya sədri
  12 Noyabr 2015    Oxunub:3250
“İranda ardıcıl olaraq fars şovinistləri orada yaşayan türklərin milli hissiyatını təhqir edən, onlarda aşağılıq kompleksi yaradan axmaq mövqe ortaya qoyurlar. Bu əslində İrandakı şovinizmlə bağlıdır”.
Bu fikirləri AzVision.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu İranda azərbaycanlıların təhqir olunmasına münasibət bildirərkən deyib.

Partiya sədri bildirib ki, İranda demokratiya olarsa, Azərbaycan türkləri farsları və bu ölkəni idarə etməlidir.

“Demokratiya olmadığından İranı azsaylı farslar idarə edir. Azlıq isə çoxluğu itaətdə saxlamaq üçün onun haqqında yanlış rəy formalaşdırır. Sonuncu etirazlara səbəb olan məsələyə görə, guya azərbaycanlılar tualet fırçası ilə diş fırçasını ayırd edə bilmir. Bunun məqsədi azlığın çoxluğu itaətdə saxlamasıdır. Təbii ki, bu gün İranda azərbaycanlıların təşkil etdiyi etiraz aksiyaları haqlı olaraq keçirilir. Hesab edirəm ki, bu məsələdə İran rəhbərliyi çox yanlış mövqe tutur. Dərhal bu təhqirə yol verənləri cəzalandırmaq əvəzinə polis gücü ilə aksiyaları yatırtmağa çalışır”.

Partiya sədrinin sözlərinə görə, İran rəhbərliyi bu gün beynəlxalq konyukturanı nəzərə almır: “İranın hər tərəfində, Əfqanıstanda, İraqda qanlı müharibələr gedir. Belə bir vəziyyətdə İranın öz daxilində belə ümummilli hərəkatın başlanması hər halda farsların xeyirinə qurtarmayacaq. Ona görə də təcili surətdə Azərbaycan türklərinin hüquq və azadlıqlarının genişləndirilməsi, İran konstitusiyasına uyğun davranışların nümayiş etdirilməsi, həmçinin fars şovinizminə qarşı çox ciddi tədbirlər görülməlidir. Əks halda İranda tamam başqa hadisələr baş verəcək.

İranda milli zəmində baş qaldıran etirazlar bir qədər də genişlənsə, bu azərbaycanlıların III İnqlabı kimi tarixə düşəcək. Əgər Səttarxanın dövründəki inqlab yerli idarəetmə, Seyid Cəfər Pişəvərinin hərəkatı İranınn demokratikləşməsi ilə bağlı idisə, bu inqlab Cənubi Azərbaycan türklərinin müstəqilliyi ilə nəticələnəcək”, - deyə S. Cəlaloğlu vurğulayıb.

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti