Bu il inflyasiya 4.4 faiz olacaq - Mərkəzi Bank

Bu il inflyasiya 4.4 faiz olacaq - Mərkəzi Bank
  12 Noyabr 2015    Oxunub:2114
Azərbaycan Mərkəzi Bankının (AMB) proqnozuna görə 2015-ci ildə orta illik inflyasiya 4.4% təşkil edəcək.
Bu barədə AMB-nin 2015-ci ilin yanvar-sentyabr ayları üzrə pul siyasəti hesabatında deyilir. Hesabatda bildirilir ki, ilin sonuna inflyasiyanın birrəqəmli səviyyədə qorunacağı gözlənilir: "Qlobal əmtəə bazarlarında ucuzlaşma, partnyor ölkələrdə davam edən devalvasiyalar, habelə pul kütləsinin dinamikası inflyasiyaya azaldıcı təsir göstərən amillərdir”.

Beynəlxalq Valyuta Fondunun proqnozları əsasında aparılan qiymətləndirmələrə görə, Azərbaycanda orta illik inflyasiya MDB ölkələri ilə müqayisədə 10.9 faiz bənd, ölkəmizin ticarət tərəfdaşı ölkələrlə müqayisədə isə 3.4 faiz bənd aşağı olacaq.

Hesabatda qeyd olunur ki, Mərkəzi Bank tərəfindən aparılan real sektorun monitorinqinin nəticələri birrəqəmli inflyasiya proqnozu ilə tam uzlaşır: "Belə ki, monitorinqin nəticələrinə görə qiymət gözləntisi indeksi sənaye və xidmət sektorunda artıb, tikinti sektorunda neytral olub, ticarətdə isə azalıb”.

İnflyasiyanın birrəqəmli səviyyədə qorunacağı ilə bağlı proqnozlar Mərkəzi Bank tərəfindən cari ildə reallaşdırılan pul və məzənnə siyasətinin adekvat olduğunu göstərir. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2015-ci ilin 9 ayında orta illik inflyasiya 3.7% təşkil edib.

Ümumilikdə, 9 ayda istehlak səbətinə daxil olan 30 ərzaq, 66 qeyri- ərzaq və 23 xidmət olmaqla 119 adda mal və xidmətlərin illik orta qiyməti azalıb. 3 qeyri-ərzaq və 42 xidmət olmaqla 45 adda mal və xidmətlərin illik orta qiyməti isə dəyişməz qalıb.

2015-ci ilin 9 ayında sənaye məhsullarının istehsalçı qiymətləri indeksi 33.2% azalıb. Qiymət azalması mədənçıxarma sənayesi üzrə 37.1%, emal sənayesi üzrə isə 8.9% təşkil edib. Mədənçıxarma sənayesində qiymətlər neft qiymətlərinin azalmasından daha çox təsirlənib.

2015-ci ilin 9 ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərində 4.7%-lik artım müşahidə olunub. Qiymət artımı heyvandarlıq məhsulları üzrə 1.1%, bitkiçilik məhsulları üzrə 7.8%, balıq və balıq məhsulları üzrə isə 3% olub.(Trend)


Teqlər:  





Xəbər lenti