`Əli Abbasovun fəaliyyətində nöqsanlar var idi`

`Əli Abbasovun fəaliyyətində nöqsanlar var idi`
  12 Noyabr 2015    Oxunub:4262
“Son illər informasiya cəmiyyəti sahəsində görülən müsbət işlərlə yanaşı, problemlər də var idi”.
Bunu AzVision.az -a açıqlamasında “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun vəzifəsindən azad edilməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, ilk növbədə bu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konstitusion səlahiyyətlərinə daxil olan məsələdir: “Əgər ölkə başçısı belə addım atıbsa deməli komandanın formalaşdırılmasında buna ehtiyac olub”.

O. Gündüz deyib ki, son illər Azərbaycanın informasiya cəmiyyətinin formalaşmasında , rəqəmsal iqtisadiyyat, elektron hökumət sahəsində aparılan işləri müsbət dəyərləndirmək olar: `Lakin görülən işlərlə yanaşı poblemlər də olub. Şəxsən mənim tərəfimdən bu barədə dəfələrlə danışılıb. Təbii ki, əvvəlki dövrlərlə müqayisə etdikdə dinamika hiss olunurdu. Nazirin keçirdiyi kollegiya iclasında rabitə sektorunda olan problemlərlə bağlı xəbərdarlıq olunmuşdu. Hətta bu yaxınlarda işdən çıxarılan “Bakı Telefon Rabitəsi” İB rəisi Beytulla Hüseynova da xəbərdarlıq olunmuşdu. Belə problemlərin olması da kollegiyada öz əksini tapmışdı. Hiss olunurdu ki, bu sahədə problemlər var”.



Ekspert onu da qeyd edib ki, Azərbaycanda internet qiymətlərinin endirilməsi və keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı işlərə ehtiyac var: “Uzun müddətdir ki, endirimlərlə bağlı addımların atılması ləngiyirdi. Axırıncı dəfə böyük endirim bir neçə il bundan öncə baş vermişdi. Bundan sonra dövlət provayderlərinin məsələsinə yenidən baxmaq lazım gələcək. Azərbaycanın internet məkanında dövlət provayderləri deyilən məsələ var ki, sərbəst rəqabətə maneə yaradır. Düşünürəm ki, ilk olaraq Bakinternet, “AzTelekom”, ümumiyyətlə dövlət provayderinin statusu ilə bağlı məsələyə yenidən baxılmalıdır”.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti