Qorxunc statistika: Azərbaycanda sonsuzluq artır

Qorxunc statistika: Azərbaycanda sonsuzluq artır
  13 Noyabr 2015    Oxunub:5635
Yeni ailə quran cütlüklərin ən böyük arzusu valideyn məsuliyyətini yaşamaq, övlad sahibi olmaqdır. Bəzi hallarda hansısa səbəbdən bu arzu gerçəkləşmir.
Bütün dünyada, o cümlədən Azərbaycanda kişi və qadın sonsuzluğu getdikcə intensivləşir. Bunu rəsmi statistika da təsdiqləyir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tədqiqatları göstərib ki, sonsuzluq insanlarda müxtəlif psixoloji pozulmalara, şəxsi komplekslərin inkişafına səbəb olur. Aparılan statistik araşdırmalara əsasən bütün dünyada 50-80 milyon insan sonsuzluqdan əziyyət çəkir. Hər il dünyada on minlərlə ailə sonsuzluq üzündən dağılır.

ÜST-in məlumatında dünyada hər 5 nikahdan birinin sonsuzluqla nəticələndiyi qeyd edilir.

Statistika Komitəsinin Məlumatların yayılması şöbəsinin müdiri Rəfael Süleymanov AzVision.az-ın sorğusuna cavab olaraq bildirib ki, 2012-ci ildə Azərbaycanda 2409 nəfərə ilk dəfə sonsuzluq diaqnozu təyin olunubsa, 2014-cü ildə bu göstərici 2806 nəfər olub.

Kişilərlə müqayisədə qadınlar daha çox sonsuzluqdan əziyyət çəkir.

Rəsmi statsitikadan da görünür ki, qadın sonsuzluğu kişilərdən dəfələrlə çoxdur. Belə ki, 2012-ci ildə ölkə üzrə sonsuzluqdan əziyyət çəkən qadınların sayı 1999 nəfər olub, 2014-cü ildə bu rəqəm 2294 nəfərə çatıb.

Kişi sonsuzluğunun da 3 il ərzində kəskin artdığı qeyd edilir. Üç il bundan öncə (2012-ci ildə-red) sonsuz kişilərin sayı 410 nəfər olubsa, 2013-cü ilə 501, 2014-cü ildə isə 512 nəfər olub.

Dövlət Statistika Komitəsində sonsuzluğa dair göstəricilərin rayonlar üzrə statistik müşahidəsi aparılmasa da Bakı şəhərində bu göstəricilər məlumdur.

İlk dəfə sonsuzluq diaqnozu təyin olunmuş 2806 nəfərdən 505-i məhz paytaxtın payına düşür. Onlardan 64 nəfəri kişi, 441 nəfəri isə qadındır.

Gültəkin Ələsgər


Teqlər:  



Xəbər lenti