Dindarlar Arif Yunusa etiraz edir: `O, xəyanətkardır...`

Dindarlar Arif Yunusa etiraz edir: `O, xəyanətkardır...`
  13 Noyabr 2015    Oxunub:4306
Ötən gün ev dustaqlığına buraxılan Arif Yunusun dindarları təhqir etməsi inanclı kəsimin etirazına səbəb olub.

“MTN-in təkadamlıq kamerası yalnız dindarlar üçün yaxşıdır. Onlar o cür yerlərdə Allah yolu naminə əzab çəkdiklərini düşünürlər. Mən isə aliməm, daim yazmaq, oxumaq istəyirdim",-deyə Arif Yunusun dindarları aşağılamasına tanınmış din xadimi Hacı Təyyar sərt reaksiya verib.

İlahiyyatçı AzVision.az-a açıqlamasında bildirib ki, Arif Yunus kimi dövlətə xəyanət edən insanların dindən danışması yolverilməzdir.

“Arif Yunus özünə alim deyir, amma dediyi sözlər alim adına yaraşmır. Dindarları aşağılamaq hansı alimliyə sığar, ayıb deyilmi? O, özünə alim deyirsə, mən də bir ilahiyytaçı kimi heç də özümü savadsız hesab etmirəm. Tam əksinə bu xalq, millət üçün bacardığım qədər fayda vermişəm. Yeri gələndə Azərbaycanın siyasi, ictimai- sabitliyini pozmağa çalışan, xaricdən dəstək alan, dövlətə xəyanət edən siyasətçilərdən daha çox fayda vermişəm”.

İlahiyyatçı sonda Arif Yunusa sual ünvanlayıb: “Bütün dindarlar təcridxanada olsa, Arif Yunusun doğmaları dünyasını dəyişəndə özü nəyi, necə etmək lazım olduğunu biləcəkmi? Odur ki, dindarlar cəmiyyətə həmişə lazımdır. Hesab edirəm ki, Arif Yunusun dindarları təhqir etməsi onun cahilliyindən xəbər verir. Ağlı başında olan adam niyə belə söz desin ki?”.

Arif Yunusun dindarları təhqir etməsi sosial şəbəkələrdə narazılıqla qarşılanıb. Dindarlara məxsus səhifələrdə onun əleyhinə fikirlər bildirilir.

Qeyd edək ki, dünən məhkəmə zalından ev dustaqlığına buraxılan Arif Yunus dindarları təhqir edib.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti