Cümə günü, 13-ü – Paris terrorunun mistik tərəfi

Cümə günü, 13-ü – Paris terrorunun mistik tərəfi
  15 Noyabr 2015    Oxunub:15564
Fransanın paytaxtı Parisdə törədilən terror aktı bütün dünyanın gündəmini dəyişib. 128 nəfərin öldüyü, 200-ə yaxın insanın yaralandığı faciə ilə bağlı mətbuat və sosial şəbəkələrdə müxtəlif fikirlər səsləndirilir. Maraqlıdır ki, faciənin mistik tərəfi də var – onun ayın 13-ü, cümə gününə təsadüf etməsi.

Avropa ölkələrində xristian mifologiyasından irəli gələrək, cümə günü ilə ayın 13-nün üst-üstə düşməsini nəhs və uğursuz gün hesab edirlər. Hesab olunur ki, ayın və həftənin bu günlərinin bir-birinə təsadüf etməsi insanların həyatına bədlik və xoşagəlməz hadisələr gətirir.

Xurafatçı inanclara görə, ayın 13-ü cüməyə təsadüf edəndə qaniçənlər, əcinnələr və sair şeytani qüvvələr bir yerə yığışır, demonik toplantı – “şabaş” keçirirlər. Gecə yarısı olanda isə onlar dəhşətli əməllər törədirlər.

Mistik inanclara görə, keçmişdə ayın 13-ü cüməyə düşəndə toy etmək, gəmiləri limanlardan ayırmaq, mühüm əhəmiyyət kəsb edən saziş bağlamaq və s. bu kimi addımlar atmaq sonda uğursuzluq, faciə ilə nəticəlirmiş. Hətta insanlar çalışarmışlar ki, həmin evdən bayıra çıxmasınlar.

Başqa bir məqam isə odur ki, 1307-ci ildə məhz cümə günü, ayın 13-də fransız kralı IV Filippin əmrilə Tampliyerlər ordeni darmadağın edilmiş, onların rəhbəri, magistr Jak de Mole isə diri-diri tonqalda yandırılmışdı. Ölümündən qabaq o, başda kral olmaqla bütün Kapetinqlər sülaləsini lənətləmişdi. Həqiqətən də, Tampliyerlərin qətlindən az sonra kralın özü də qətlə yetirilir.

İngiltərədə hələ də cümə günü dənizə çıxmırlar, həmin gün ayın 13-dürsə, mütləq səfəri təxirə salmaq üçün bəhanə tapırlar.

Amerika Birləşmiş Ştatlarında ayın 13-ü cümə gününə düşəndə ölkə 120 milyon ziyana düşür. Çünki insanlar həmin gün işə getmirlər ki, hansısa bir bəd hadisə olacaq.

Bəzi versiyalara görə, "13-ü, cümə"nin nəhs gün sayılması İsa peyğəmbərlə bağlıdır. Onu məhz ayın 13-də, cümə günü çarmıxa çəkiblər. Üstəlik, peyğəmbəri satan mürid İuda gizli gecədə keçirilən toplantıda 13-cü iştirakçı olub.

Rəvvayətə görə, cümə günü İblis Həvvanı yoldan çıxarıb, o da qadağan olunmuş ağacın meyvəsini yeyib.

XVIII əsrdə bu xurafat o qədər güclənib ki, ingilis hökuməti onu darmadağın etmək qərarına gəlib. Bu məqsədlə "Cümə" adlı gəmi hazırlanıb və həmin gəmi tərsanədən suya məhz cümə , ayın 13-ü buraxılıb. Amma gəminin sonrakı taleyi məlum xurafatı daha da gücləndirib. Cümə günü ilk reysinə çıxan "Cümə" ekipajı ilə birlikdə itkin düşüb və tapılmayıb.

Dənizçilərdən başqa, ingilis cərrahları da "13-ü, cümə"dən qorxurlar və həmin günə təyin olunmuş əməliyyatları təxirə salırlar ki, uğursuzluqla qarşılaşmasınlar.

1453-cü ildə xristian mədəniyyətinin mərkəzi olan Konstantinopol türklər tərəfindən tutuldu. Həmin rəqəmlərin cəmi 13 edir. Bu da xristian mifologiyasında həmin rəqəmdən qorxunu artırır.

Astroloq Səbuhi Rəhimli bununla bağlı AzVision.az-a açıqlamasında bildirib ki, ayın 13-nə düşən cümə gününün uğursuzluq gətirməsi ilə bağlı fikirlər doğru deyil. Onun sözlərinə görə, rəqəmin hadisələrə ciddi təsir mexanizmi yoxdur.
“Rəqəm, məlum olduğu kimi, nəyisə saymaq üçündür. Heç bir dini kitabda hər hansı bir rəqəmin hansısa mistik çəkiyə malik olması barədə məlumat yoxdur. Hansısa rəqəmin xüsusi təsir mexanizminin olmasını qəbul etmirəm”.

Anar Kəlbiyev



Teqlər:  





Xəbər lenti