Bakıda 6 milyonçunu girov götürən erməni – TARİXİ ARAŞDIRMA

Bakıda 6 milyonçunu girov götürən erməni – TARİXİ ARAŞDIRMA
  19 Noyabr 2015    Oxunub:34339
Bəhram Çələbi
Xüsusi olaraq AzVision.az üçün

1906-09 –cu illərdə ermənilər Bakıda böyük özbaşınalıq edirdilər. Çox hiyləgərliklə törədilən oğurluq, quldurluq hadisələrini aça bilməyən şəhər polisi Quba meydanına gələrək, ələ keçən qoçuları yığışdırıb aparmışdı. Quba meydanında tutulan qoçular arasında Dağlı Abbas və Malbaş Yusif də vardı. Polislər Abbası işgəncələrlə dindirmiş, ancaq boynuna heç nə qoya bilməmişdilər.

Ancaq həmin axşam ermənilər yenə eyni dəstə ilə başqa-başqa yerlərdə iki mağazaya basqın etmiş və sahibkarı ağır yaralayaraq aradan çıxmışdılar.İki gün sonra xəstəxanada özünə gəlmiş zərərçəkən hücum edənlərin erməni millətindən olduqlarını və onları tanıdığını xəbər vermişdi.

Qəzetlər həmin hadisəni belə şərh edirdilər: “Bibiheybətdəki Maştağa kəndinin əhli İslam Əliyev Kərbəlayi Ağa Manafovun evindən dükanda olduğu halda axşam saət yeddidə üç nəfər erməni xəncər və tapançalarla müsəlləh surətdə dükana girib, “ruki verx” qışqıraraq dükanın xəzinəsini qarət ediblər. Dükandakılar onlara mane olmaq istərkən quldurlar hər iki müsəlmanı yaralayaraq qaçmışlar. Yaralılar bədəfkarlardan birisini tanımışlar. Bu, Vokzalnı küçədə sakin olan qoçu Babken idi. Polis qorodovoyu göstərilən ünvana gedərkən bunlar arasında bərk atışma düşüb. Qorodovoyu ayağından yaralayan bədəfkarlar qaçmışlar. Bunlar barədə tədbir görülsə də, binəticə qalıbdır”.

1905-ci illərin əvvəllərində Bakıda hamını lərzəyə gətirən bir hadisə baş verir. Erməni-müsəlman davasının qızışmağa başladığı dövrdə məşhur Bakı milyonçularından biri erməni Qukasov qardaşlarının göstərişilə milliyətcə azərbaycanlı olan altı milyonçu girov götürülərək, indiki Opera teatrının binasındakı zirzəmiyə salınır. Qukasovlar əsasən neftlə məşğul olurdular. Bakı-Batum neft kəməri onların nəzarətindəydi. Belə ki, yaradılmış "Neft Cəmiyyəti"nin rəhbəri məhz Qukasov idi. Ermənilər həm də balıqçılıq, kürü işini də öz əllərinə keçirmişdilər ki, bu sahə o dövr çox gəlirli məşğuliyyət sayılırdı.

Qukasovun göstərişi ilə Opera və Balet teatrının binasına salınan milyonçular arasında Musa Nağıyev, Mövsüm Səlimov və başqaları da vardı. Bu böyük bir biabırçılıq idi. Erməni Bakıda şəhərin sayılıb-seçilən adamlarını girov götürmüşdü.

İsabəy Hacınski bərk qəzəblənir və Qukasova bir məktub yazır. Məktubun mətni belə idi. "Qukasov, sizin bu hərəkətinizi heç cür anlaya bilmirəm. Bu, artıq heç bir əndazəyə sığmayan əməldir. Bakının havasını udursunuz, çörəyini yeyirsiniz, suyundan içirsiniz. Heç utanmırsınızmı, indi üstündə yaşayıb milyonlara sahib olduğunuz bir torpağın yiyələrinə qarşı belə alçaqlıq törədirsiniz? Sizi xəbərdar edirəm. Əgər bu məktubu aldığınız vaxtdan etibarən bir saat ərzində o adamların hamısı azadlığa buraxılmasa, torpağınızı torba ilə daşıtdıracam. Bircə saat vaxtınız var!"

Məktubu Nağıyevin mühafizəçisi və faytoçusu Dağlı Musa bir dəstə qoçu ilə birlikdə Qukasova çatdırandan heç bir saat keçməmiş milyonçuların altısı da azadlığa buraxılır.

Qəzetlər isə bu barədə belə yazırdılar: “Dekabrın 29-da gecə yarısına yaxın Musa Nağıyev cənabları məhəl hökuməti və qoçuların səyi və guşişi ilə onu aparan şəxslər tərəfindən buraxılıbdır. Təqib olunub, əhatəyə alınan bədəfkarlar Dağlı Musanın da burada olmasından ehtiyatlanaraq, özləri Musa Nağıyevi pul almamış sağ və salamət buraxıblar. Musa Nağıyev cənablarının səlamət, pulsuz və qan tökülmədən qayıtması-nın səbəbi məhəl hökumətinin və camaətin bu işdə göstərdikləri ciddiyyətli fəaliyyət işidir ki, bu dəfə gözəl nəticəyə bais oldu”.

Əslində isə məhəl hökumətinin bu işdə bir damcı da olsa, fəaliyyəti olmamışdı... Erməni qoçuların naqisliyini bilən Dağlı Abbas və Dağlı Musa Binəqədili milyoner Səlimovgildəki qumar məclisində Aramyandan öyrənmişdi və söz vermişdi ki, Nağıyev qaytarılarsa, əvəzində iki girov əsir də bunlar tərəfindən azadlığa buraxılacaq... Qoçu Levon iki əlaltısının buraxılması naminə doqquz mindən keçmişdi. Yoxsa onun necə qaniçən olduğunu hamı yaxşı bilirdi.

1906-cı ildə Dağlı Musa artıq tanınmış qoçulardan biri idi. Onunla hesablaşır, onu məsləhət yığıncaqlarına çağırırdılar. Musa heç vaxt "yaş mala" (adam öldürməklə aparılan əməliyyat) getməzdi... Heç kəs onun nə fikirləşdiyini, hansı plan qurub, kiminçün tor atdığını bilməzdi... Dəstə cəmi üç nəfərdən ibarət idi. Qardaşı Qurbanqulu və Qasımbala. Bu üçlük hərdən, böyük qumar olanda Malbaş Yusifi və Dağlı Abası müşayiət etsələr də, əsas işləri erməni neftxudalardan, xarici şirkətlərdən bac (vergi) yığmaq idi. Bu əməliyyatları onlar zarafatyana, yüngüllükjə aparardılar...

...Həmin günlərin birində Adamov axşam saat 10 da mədəndən evlərinə qayıdırmış. Bərk yağış yağdığından "Masis" mədənləri yolundakı kababxanada gözləməyi qərara alır. Kababxana qarşısında tünlüyün içində daha bir fayton dayanmışdı. Bərli-bəzəkli fayton, rəngbərəng qotazlı atlar kababxanadakı müştərinin varlı-karlı olduğundan xəbər verirdi. Faytonçu ilə içəri girən Adamov azəri dilində salam verərək stol arxasında oturmuş hərbçilərə yaxınlaşır, ancaq onlardan səs çıxmadığını görüb, rus dilində də "xoş gəlmisiniz" deyir. Bığ yeri təzəjə tərləmiş kapitan ayağa qalxaraq öz yerini erməni milyonçuya təklif edir.

Söhbətdən bəlli olur ki, zabitlər Vladiqafqazdandırlar. Ştabs-kapitan da, poruçiklər də osetinlərdir və indicə Bakıya gəliblər. Qorodonaçalnik Konyovskinin dəvətilə strajniklər qrupuna rəhbərlik edəcəklər. Söhbət-ixtilat daha iki saat uzanır və Adamov Konyovskinin qonaqlarını öz evində gecələməyə dəvət edir. Qonaqların hətta qrammatik cəhətdən rus dilində səhv danışmaları da Adamovda şübhə oyatmır, çünki onlar öz aralarında “osetin” dilində şıdırğı danışır və təzim edərək "spasi-bo, bolğşoye spasibo!" deyərək təşəkkür edirdilər.

- O! O, i qost dovolen, i xozyain rad - tak qovoryat ved u vas, pravda? – erməni yaltaq təbəssümlə dillənir. - Koneçno, doroqoy. Qost ne kost, za dver ne vıkineş, - Adamov ştabs-kapitanın enli kürəyini şappıldadıb ayağa qalxır. - Poexali ko mne domoy, vıpem za zdorovye naşeqo doroqoqo tsarya Nikolaya...

- Çto skazat, milıy çelovek, qost podnevolnıy çelovek, qde posadyat, tut i syadet, poexali, tak poexali.

Adamov öz karetasına poruçikləri əyləşdirir, özü isə ştabs-kapitanın zınqı-rovlusuna əyləşir. Qırmızı, məxmər döşəklər və divarda Nikolay padşahın və general-mayor Konyovskinin portretləri...



Yorğun qonaqlar Adamovun mənzilinə girib ancaq yatmaq istədiklərini və səhər tezdən, sübh tezdən durub gedəcəklərini bildirirlər...

- Məndən generala çoxlu-çoxlu salam söyləyin, sabah sizi ötürə bilməyəcəm. Gecəniz xeyrə qalsın...- erməni milyonçu təzim edərək öz otağına yollanır.
Gecə saat beşdə üç zabit gözlərini ova-ova tövləyə gəlib karetalarına əyləşirlər...

Mehtər Vazgen günorta naharı zamanı Adamova bir zərf verir. "Adamov, siz Bakıya gələndə zirzəmidə yaşayıb, emalatxanada işləyən günlərinizi nə tez unutdunuz? Səhərdən-axşamacan bir qarın çörəkpulu üçün çalışdığınız saatları xatırlayın və kasıb-kusuba, əlillərə, dustaq ailələrinə, tənha qocalara yardım edin. Axı bu torpaq, sizin çıxardığınız sərvət onlarınkıdır...."

Adamov məktubu yarımçıq qoyub Nikolayın portretinə tərəf qaçır. Seyf açılmışdı. Səksən beş min rublı, mücrüdəki ləl-cəvahiratı çar Nikolayın “osetin zabitləri” aparmışdılar...

Həmin illərdə Bakıda nəşr olunan qəzetlər hər gün kriminal olaylardan yazırdı... Quba meydanındakı cızbızxanaya toplaşan qoçular isə xəbərləri oxuyaraq bir-birlərinə göz-qaş edir, özlərinin törətdiklərini eşidəndə sifətlərində rişxəndli təbəssüm yaranırdı.

Çox vaxt məqalalələri Dağlı Abbasın gimnaziyada oxuyan bibisi oğlu Alim Zöhrab təmiz diksiya ilə oxuyardı:

Qarətə sui-qəsd

Dünən saət 12-də Parapetin qabağında brilyant-qızıl əşya satan Ağamalının mağazasına 3 nəfər müsəlləh naməlum şəxslər gəlib pul tələb etdikdə, mağaza sahibi tapança ilə qarətçilərin birini həmin mağazanın içində güllə ilə öldürdükdə, o birilər qaçmışlar. Qaradovoyların azarxanaya apardıqları meyitin ermənikənddə yaşayan Aşot Baqdasaryan olduğu müəyyənləşib.

Bakı dövlətçisi Barski üç gün bundan əqdəm gecə saət 3-də Krasnovodsk küçədə Musa Nağıyevin evində olan öz otağına gələrkən otağın küçə qapısının içində üç nəfər naməlum şəxs bunu tutub, qızıl saət və zəncirini və bir qədər də pulunu qarət edib qaçmışlar.

Srağa gün saət 4-də Çəmbərəkənddə Bakı əhliləri Mir Kazım və Mirhüseyn oğlanları ilə Xaçatur Azarov arasında bərk atışma vaqe olmuşdur. Atışmanın səbəbi bu olmuş ki, məzkur Mirhüseyn oğlanlarının evində yaşamağa üstünlük verən Azarovun sabiq qulluqçusu Ariniya Qarninyan kirayəşin imiş ki, məzkur Xaçatur bunu dübarə evinə aparmağa gəldikdə ev sahibləri böylə atışmaya başlamışlar. Yanbızından güllə yarası alan Xaşatur qanını daşlara yayaraq olay yerindən uzaqlaşıb.

Vranqelski küçənin küncündə Mixail Sərkisyans nam bir erməni Rüstəm Ağacəfər oğlunun canına sui-qəsd edərək ona bir neçə tapança gülləsi atdı. Atılan güllələr ilə Rüstəmi belində yaralayıb qaçarkan Poqosov növbətçi qaradovoy tərəfindən dutulub polisə gətirildi. Yaralı Ağacəfər oğlunu mərəzxanaya qoyublar.
(Sədayi-vətən, 1907, 11 dekabr, N 13).


Həmin günlərdə daha bir olay Bakıda böyük səs-küy yaratdı.

... Əhvalat Qoçu Əltürbət və Qoçular qoçusu kimi məşhur milyonçu Murtuza Muxtarovun arasında baş verib.

Həm də basılmaz pəhləvan kimi ad çıxarmış Əltürbət Məhəmmədili kəndindəndi. Cavanlığında sirkin meydanında Fransadan, İrandan gəlmiş məşhur güləş ustalarının da kürəklərini xalçaya sıxmaqla tanınırdı. O, Kərbəlayı Şuriyyə ilə həmkəndli idilər. Yaşca bir qədər böyük olan Şuriyyə aşağı məhəllədə, Əltürbət isə yuxarıda yaşayırdı. Əltürbətin at oynatdığı yerlər əsasən Baksovetin ətrafı, "Kommunist" küçəsi tərəflərdi.

Əltürbət əsasən nəylə məşğul olurdu? Günün günorta çağı görərdin qarşısına çıxan hər hansı bir ziyalının, yaxud tacirin papağını başından götürtdürər, zarafata salaraq bir qədər pul alaraq papağı qaytarardı. Yaxud ki, özündən aşağı səviyyəli bir qoçu çıxsa qarşısına, əlaltılarını göndərib onun mauzerini əlindən aldırardı. Bir sözlə o da qoçuların başçısı idi. Dəstəsində adamları çox olduğundan kimin nə həddi vardı onun bir sözünü iki eləsin.

Həmşəri Əjdərin arxasını döşəyə vurandan sonra o qədər özünə məftunlaşır ki, axır bir gün indiki "Səadət sarayı"nıda yaşayan Murtuza Muxtarova ilişmək fikrinə düşür. Bozbaşyeyənlərindən bir-ikisini göndərir onun yanına ki, uşaqlar üçün cibxərcliyi istəsinlər. Qoçunun dolanışığı elə adamların köməkliyindən asılı idi.



Milyonçu Murtuza öz iş otağında əyləşib, nəsə bərk məşğul imiş. Bu vaxt kiminsə içəri keçdiyinii görüb, başını qaldırır. Görür bir nəfər bığıburma cavan daxil oldu kabinetinə. Diqqətlə onu süzərək:
- Nə istəyirsən, ay bala? Buyur görüm, eşidirəm səni, - deyə gəlişinin səbəbini öyrənmək istəyir.
Gələn adam şəstlə:
- Məni Əltürbət göndərib, - deyərək sinəsini qabağa verir. Murtuza Muxtarov bir qədər fikrə dalıb etinasızcasına:
- Əltürbət?! Kimdir, nəçidir elə? - soruşur.
Gələn adam bu sözdən sonra üzünə özündən razı bir ifadə verərək fəxrlə dillənir:
- Əltürbət pəhləvandu, qoçubaşıdu. Məgər onu tanımırsuz? Bütün Bakı ondan danışır ki...
Murtuza Muxtarov gülümsəyərək:
- Yaxşı, deməli o həm pəhləмandu, həm də qoçubaşıdır. Bəs yaxşı, məndən nə istəyir? - soruşur.
Gələn adam qəddini düzəldərək özünü toplayıb:
- Dedi ki, uşaqlar üçün bir az cib xərcliyi verəsüz, oturub bir bozbaş yeyək. Onunçün göndərib məni, - deyir.

Milyonçu onun bu sözlərini də çox sakit qarşılayır. Qaşlarını çatıb:
- Hə, nə olar. Bir halda ki, qoçubaşı istəyir, onda onun sözlərini yerinə yetirmək bizim borcumuzdur. Ancaq bir şərtim var. Get, Əltürbətə deginən, qoy özü gəlsin. Həm bir tanış olaq, həm də elə özünə verərəm pulları. Sabah elə bu vaxt gəlsün, - deyərək qoçunun elçisini sakitçiliklə yola salır.

Elçi qayıdıb Murtuza Muxtarovun sözlərini qoçubaşıya çatdırır. Əltürbət bu məsələdən xəbərdar olanda daha da fərəhlənir. Zarafat deyildi, o boyda milyonçunun özü onunla tanış olmaq istəyirdi. O, bu görüşə xüsusi bir təmtəraqla hazırlaşır. Ən yaxşı paltarını geyir, güləşdə aldığı medalları cibinə yığır, bığlarını yağlayır, belinə də iki mauzeri üst-üstə bağlayıb yollanır Murtuza Muxtarovun kabinetinə. Qapıda onu saxlayanlara fəxarətlə xozeyinin özünün çağırdığını bildirir.
Əltürbəti yuxarı buraxırlar. Yenə eyni vəziyyətdə Murtuza Muxtarov yerində əyləşib, başıaşağı öz işindəydi. Qapıdan kiminsə girdiyini görüb astaca başını qaldırır:
- Kimsən, a bala? - deyə ucadan səslənir.
Qoçu bu sualdan bir az tutulur. Yəqin xozeyinin onu tanımadığını güman edərək:
- Mənəm də, xozeyin, Əltürbət, pəhləvan...- bir azca incik tərzdə cavab verir.
Murtuza Muxtarov maraq dolu baxışlarla onu başdan-ayağa süzərək:
- Nə? Pəhləvan? Əltürbət? Mən axı səni tanımıram, - deyir.
Qoçu özünü bir az da dartır.
- Dünən adamlarımdan birini göndərmişdim, haqq üçün. Demişdüz bu gün özüm gəlib götürüm. İndi onun ardınca gəlmişəm.
- Hə, hə, yadıma düşdü. Deməli, sən mənim yanıma haqq almaq üçün gəlmisən. Lap yaxşı. Buyur, bir az qabağa gəl. Pulu səhərdən hazırlamışam. Bax, o daxılın içindədir. Zəhmət olmasa, əyil götür.

Əltürbət irəliləyib stolun yanından keçərək milyonçunun cəmi bir addımlığındakı daxıla çatır. Əyilib oranı açmaq istəyəndə Murtuza Muxtarov elə oturduğu yerdəcə Əltürbətin gicgahına güclü bir yumruq zərbəsi endirir. Qoçu aldığı qəfil zərbədən səntirləyərək iki-üç metr arxaya tullanır. Bu yerdə Murtuza Muxtarovun da çox cüssəli adam olduğun qeyd etmək lazımdır. Əltürbət özünü ələ almağa macal tapmamış Muxtarov onun çiyinlərində yapışaraq, düz pilləkanın başına sürüyür. Orada ona elə bir yumruq ilişdirir ki, qoçu ta birinci mərtəbədə bənd alır. Əltürbət heç mauzerinə əl atmağa da imkan tapmır.
Milyonçu qəzəblə: "Mən özüm qoçular qoçusuyam. Sən kimsən ki, gəlib məndən bac almaq istəyirsən, çaqqal!?",- deyə dillənir...

Elə həmin gün Murtuza Muxtarov necə qəzəblənirsə, belə bir göstəriş verir ki, bu gecə Əltürbət adlı adam Bakı şəhərində yaşamamalıdır.
Əltürbət elə həmin gecədən yoxa çıxır. Və bundan sonra onu “gördüm” deyən tapılmır...


Teqlər:  





Xəbər lenti