Peterburq davası ilə bağlı müraciət

Peterburq davası ilə bağlı müraciət
  21 Fevral 2013    Oxunub:1699
Azərbaycan diasporu Peterburqda baş vermiş dava ilə bağlı müraciət yayıb
Rusiyanın Sankt-Peterburq şəhərindəki Azərbaycan diasporunun ağsaqqalları və rəhbərliyi Peterburqda iki azərbaycanlı ailəsi arasında yaşanmış dava ilə bağlı müraciət yayıb. Bu barədə RİA Novosti məlumat verir.

«Sankt-Peterburq Azərbaycan Milli-mədəni muxtariyyəti»nin sədrVaqif Məmişovun adından yayılan müraciətdə bildirilir ki, onlar yerli kafenin yaxınlığında baş vermiş davanın təkrarlanmasının qarşısını almaq üçün öz yerliləri arasında tərbiyəvi işi gücləndirəcəklər.

Bu gün «Sankt-Peterburq Azərbaycan Milli-mədəni muxtariyyəti»nin şurası da şəhərdə yaşayan bütün azərbaycanlı ağsaqqalların iştirakı ilə təcili müşavirə keçirib. Təsdiq olunmuş profilaktik tədbirlər arasında şura üzvlərinin şəhərdəki azərbaycanlıları şəxsi nəzarətə götürməsi və Peterburqda yaşayışın qaydaları, normativ aktlar barədə əlavə izahların verilməsi də var.

"Bizim hər birimiz qədim xalqımızın zəngin mədəniyyətini və özünəməxsusluğunu təmsil edirik və Sankt-Peterburqda buna layiq davranmalıyıq. Buna görə də, hər kəs Rusiya Federasiyasının qanunvericiliyini unutmamalı və ona ciddi olaraq riayət etməlidir», deyə V.Məmişovun müraciətində bildirilir.

O qeyd edib ki, «əgər dostların, qohumların arasında, ailədə, ali təhsil və peşə yönümlü müəssisələrdə Rusiya Federasiyasının ərazisində davranış qaydalarına dair izahat işi aparılsa, ciddi nəticələr əldə olunacaq».

Məmişovun fikrincə, Peterburqda yaşayan azərbaycanlılar şəhərin ictimai həyatına daxil olmalı, onun iqtisadi və sosial inkişafına töhfələrini verməlidirlər.

Xatırladaq ki, dava fevralın 19-da axşam Dimitrov küçəsindəki «Çistıe prudı» kafesinin yaxınlığında baş verib. Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğunun məlumatına görə, hadisəyə səbəb toyu olacaq gəlinin qaçırılması olub. Dava nəticəsində 4 nəfər xəstəxanaya yerləşdirilib. Hadisə yerində 2 travmatik tapança, güllələr, bıçaq və beysbol taxtası tapılıb. Sankt-Peterburq İstintaq komitəsi hadisənin 28 iştirakçısının saxlanıldığını bildirib.


Teqlər:  





Xəbər lenti