Türkiyə “soyqırımı”na niyə ciddi yanaşmayıb? – TƏHLİL

Türkiyə “soyqırımı”na niyə ciddi yanaşmayıb? – TƏHLİL
  27 İyun 2013    Oxunub:1675
Sahil İskəndərov
AzVision.az üçün

Sözsüz ki, “erməni soyqırımı” Türkiyə üçün belə təhlükəli amilə çevrilməsinin əsas səbəblərindən biri də rəsmi Ankaranın uzun müddət bu məsələyə adekvat yanaşmaması olub. Bunun da, öz növbəsində bir neçə izahı var.

Əvvəla, Türkiyə özü Birinci Dünya Müharibəsi zamanı həm cəbhələrdə, həm də erməni daşnaklarının etnik təmizləmə əməliyyatları nəticəsində yüz minlərlə insan itkisinə baxmayraq, erməniçilik ideoloqları kimi bundan beynəlxalq miqyaslı şou düzəltməyə çalışmayıb. Yəni, bu itkiləri bir növ hər bir müharibənin labüd nəticəsi kimi qəbul edib.

İkincisi, Osmanlı imperiyasının hüquqi varisi kimi Birinci Dünya müharibəsindən ən ağır itkilərlə çıxmış Türkiyənin kamalçı hökuməti ötən əsrin bütün 20-30-cu illərində büsbütün qanlı müharibənin ağır nəticələrinin təsviyyəsi ilə məşğul olub. O vaxt Türkiyənin qarşısında tezliklə müharibənin ağır nəticələrini ləğv etmək və dünyəvi dövlət qurmaq kimi mürəkkəb vəzifə dayanırdı. Qərbin fəal dəstəyilə Türkiyə qısa müddətdə belə çətin vəzifənin öhdəsindən layiqincə gəldi.

Üçüncüsü, yəqin ki, bəşəriyyət tarixində baş vermiş bütün müharibələrdə insanların, o cümlədən də mülki şəxslərin ölümünün qaçılmazlığı prisnipindən çıxış edən Türkiyə erməniçilik ideoloqlarının isteriyasını ciddi qəbul etməyib. Çünki indiyədək uydurma “həqiqətin” tanınması üçün heç bir dövlətə qarşı bu cür sərsəm iddialar irəli sürülməyib.

Buna əsaslanan Türkiyə sağlam məntiqə və beynəlxalq hüquq normalarının qələbəsinə çox ümid bəsləyib. Baxmayaraq ki, o vaxtlar Sovet İttifaqının geosiyasi maraqlarına rəğmən, Türkiyənin Kiçik Asiyada mövqeyinin möhkəmlənməsinə yardımçı olan Qərbin özü müəyyən hüduddan o yana keçməməyə çalışıb.

Əksinə, Qərb hətta özünün regiondakı strateji maraqlarını həyata keçirmək məqəsədilə eyni zamanda təxribatçı müttəfiqini - Ermənistanı əl altından şirnikləndirməklə məşğul olub ki, erməniçilik ideoloqları bundan çox məharətlə istifadə ediblər.

Təəssüflər olsun ki, rəsmi Ankara uzun müddət Qərbin müttəfiqlik sədaqətinə həddən ziyadə bel bağlayıb. Əksər Qərb dövlətlərinin “Strateji müttəfiqi olan Türkiyə ilə münasibətləri pozmamaq naminə, hətta erməni seçicilərin xatirinə belə “erməni soyqırımı”nı tanımayacağıq” kimi bəyanatlarının özü də onların uzun müddət ikili siyasət aparmasından və “problemin” sırf siyasi mahiyyət daşımasından xəbər verir. Siyasiləşmiş məsələlərin isə tarixi kökləri çox dərin və qədimdir.



Teqlər:  





Xəbər lenti