İtən neftçiləri 6 helikopter axtarır - Yanğın davam edir

İtən neftçiləri 6 helikopter axtarır - Yanğın davam edir
  08 Dekabr 2015    Oxunub:3240
“ “Günəşli” neft yatağında baş vermiş faciədə itkin düşmüş şəxslərin axtarışına yenidən helikopterlər cəlb olunub”.
AzVision.az xəbər verir ki, bunu “Azneft” İstehsalat Birliyinin (İB) baş direktorunun müavini, baş mühəndis Balamirzə Ağarəhimov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, axtarışlara əlavə olaraq Fövqəladə Hallar Nazirliyinin 4, Dövlət Sərhəd Xidmətinin isə 2 helikopter və 5 gəmisi cəlb olunub.

Qurum rəsmisi əlavə edib ki, sualtında xüsusi aparatlar axtarışları davam etdirir: “Bu saata qədər axtarışlar hər hansı bir nəticə verməyib. Yanğın isə hələ də davam edir. Havanın küləkli olması yanğının tez bir zamanda söndürülməsinə mane olur. Yanğın hal-hazırda qaz quyularında gedir. Orada isə 28 quyu var. Yanğının söndürülməsi ilə əlaqədar işlər 24 saat davam edib. Hazırda tərtibat meydançanın üzərinə yerləşdirilib, onun quraşdırılması həyata keçirilir. Yeni gəmi cəlb olunub. Bundan əlavə orada saatda 1500-2000 kubmetr su vurma gücündə olan nasos quraşdırılacaq. Yanğın hazırda bir neçı qaz quyusunda davam edir”.

B. Ağarəhimov həmçinin təhlükəsizlik məsələlərinin həll edilməməsi ilə bağlı suala da aydınlıq gətirib. Qeyd edib ki, təhlükəsizliklə bağlı görülən işlər davamlı prosesdir: "Bundan 5 il əvvəlki vəziyyətlə müqayisədə indi nə qədər işlər görüldüyünün şahidi ola bilərsiniz. Təkmilləşməyə isə hər zaman ehtiyac var”

Qeyd edık ki, dekabrın 4-də saat 17.40 radələrində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə güclü yanğın baş verib.

Hadisə baş verən zaman özüldə 63 nəfər xidmətdə olub. Yanğın nəticəsində 2 nəfər həlak olub, 29 nəfər itkin düşüb. İtkin düşənlərdən 6-nın meyiti dünən tapılaraq sudan çıxarılıb.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti