Bu müəllimlərin maaşı artacaq

Bu müəllimlərin maaşı artacaq
  09 Dekabr 2015    Oxunub:3907
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
AzVision.az xəbər verir ki, AMEA-nın prezidenti, akademik Akif Əlizadə iclası açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Tədbirdə AMEA-nın Kimya Elmləri Bölməsinin akademik-katibi, akademik Dilqəm Tağıyevin "Sumqayıt Kimya Sənaye Parkının və “Azərkimya” İstehsalat Birliyininin fəaliyyətində Azərbaycan Milli Elmlər Akademiyasının iştirakının genişləndirilməsi perspektivləri" adlı məruzəsi dinlənilib. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda çıxışı zamanı səsləndirdiyi fikirlərini xatırladan akademik Azərbaycan kimya elminin prioritet istiqamətlərindən biri kimi qeyri-neft sektorunun inkişafında və Sumqayıt Kimya Sənaye Parkının yaradılmasında kimyaçı alimlərin iştirakının genişləndirilməsinin qarşıya qoyulan mühüm vəzifələrdən biri olduğunu vurğulayıb.

Qeyd edib ki, bu vəzifənin aktuallığı dünya iqtisadiyyatının hərəkətverici qüvvəsi sayılan texnoparkların və sənaye parklarının iqtisadiyyatın biliklər və innovasiyalar əsasında formalaşmasına, kommersiya məhsuluna çevrilməsinə və elmə ayrılan vəsaitin səmərəliyinin yüksəldilməsinə xidmət etməsi ilə müəyyən olunur.

"Sumqayıt Kimya Sənaye Parkı"nın Prezident İlham Əliyevin 21 dekabr 2011-ci il tarixli Sərəncamı ilə yaradıldığını vurğulayan akademik sənaye parkının Azərbaycanda neft-kimya, qeyri-neft sektorunun inkişafında, kimya sənayesinin yaradılması və modelləşdirilməsində aparıcı rol oynadığını diqqətə çatdırıb. Qeyd edib ki, gələcəkdə bu sənaye parkının tərkibində 40-45 müəssisənin fəaliyyətə başlaması nəzərdə tutulur.

Daha sonra ARDNŞ-in “Azərkimya” İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev və sədr köməkçisi Emin İsmayılov, “Azərkimya” İB-nin baş mühəndisi Firudin Mustafayev, “Sumqayıt Kimya Sənaye Parkının” direktor müavini Zaur Məmmədov, Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov və digərləri mövzu ətrafında çıxış ediblər.

Məruzə dinlənildikdən sonra geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Sonra Akademiyanın yeni strukturundan danışılıb. AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti 17 noyabr 2015-ci il tarixli Qərarla AMEA-nın yeni strukturunu təsdiq edib. Nazirlər Kabinetinin müvafiq Qərarının icrasını təmin etmək məqsədilə Rəyasət Heyəti qərar qəbul edib.

İclasda müzakirəyə çıxarılan məsələlərdən biri də Elm və təhsil idarəsinin strukturunda dəyişiklik edilməsi haqqında olub. Akademik Akif Əlizadə bildirilib ki, Azərbaycan elmində əldə olunmuş nəticələrin yüksək reytinqli beynəlxalq elmi jurnallarda nəşri elmimizin təbliği, tanıdılması və dünya elmi məkanına inteqrasiyası baxımından mühüm əhəmiyyət kəsb edir. Bununla belə, alimlər elmi əsərlərinin xarici dillərə tərcümə edilməsi ilə bağlı müəyyən çətinliklərlə üzləşirlər. Rəyasət Heyəti bu problemlərin aradan qaldırılması istiqamətində görülən işləri nəzərə alaraq Elm və təhsil idarəsinin Təhsil şöbəsinin tabeliyində olan Xarici dillər kafedrasının ləğvi və onun bazasında Elmi tərcümə şöbəsinin yaradılması ilə bağlı qərar qəbul edib. Həmçinin Elmi tərcümə şöbəsinin strukturunun ştat vahidləri təsdiq olunub. Eyni zamanda AMEA-nın “Elm” Nəşriyyat-Poliqrafiya İdarəsinin “Elm” Nəşriyyatı adlandırılması qərara alınıb.

Tədbirdə 2016-2017-ci tədris ili üzrə AMEA-nın magistraturasına qəbul planı və AMEA-nın elmi müəssisələrinin magistraturalarında saathesabı tədris edən professor-müəllim heyətinin vəzifə maaşlarına əlavələrin verilməsi haqqında qərarlar qəbul edilib.

Sonra AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin strukturunda dəyişiklik edilib. Elmin populyarlaşdırılması sahəsində işin səmərəliliyinin daha da artırılması məqsədilə Rəyasət Heyəti qərar qəbul edib. Qərara əsasən, "Azərbaycan Milli Elmlər Akademiyasının xəbərlər məcmuəsi”nin işinin təşkili və nəşri İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin Mətbuat orqanları şöbəsinin tabeliyinə verilib. Həmçinin, idarənin strukturunda Elmi nailiyyətlərin təbliği şöbəsinin yaradılması haqqında qərar qəbul olunub. Tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva şöbənin rəisi vəzifəsinə təyin edilib.

İclasda kimya, fizika-riyaziyyat və texnika elmləri üzrə 2015-ci il Nobel mükafatı laureatları haqqında məlumat verilib.

Növbəti məsələ Akademik İsmayıl İbrahimovun 100 illik yubileyinin keçirilməsi haqqında olub. Məsələ ilə bağlı çıxış edən Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Nazim Məmmədov bildirilib ki, İsmayıl İbrahimovun tədqiqatları avtomatik nəzarət və idarəetmə sistemlərinin təhlili və tətbiqinə, informatika, intellektual və qeyri-səlis sistemlərin müasir problemlərinin tədqiqinə həsr olunub.

Rəyasət Heyəti İsmayıl İbrahimovun kibernetikanın, idarəetmə sistemlərinin, avtomatlaşdırmanın və informasiya texnologiyalarının inkişafına, yüksək ixtisaslı kadrların hazırlanmasına verdiyi töhfələri nəzərə alaraq və anadan olmasının 100 illiyi ilə əlaqədar qərar qəbul edib. İsmayıl İbrahimovun AMEA-nın Fəxri Fərmanı ilə təltif edilməsi, həmçinin akademikin 100 illik yubileyinin AMEA Rəyasət Heyətində qeyd olunması, onun həyat və fəaliyyətini əks etdirən silsilə məlumatların kütləvi informasiya vasitələrində dərc edilməsi qərara alınıb.

Sonra Fizika İnstitutu və Şamaxı Astrofizika Rəsədxanasının elmi şuralarının yeni tərkibi müzakirəyə çıxarılıb və Rəyasət Heyətinin qərarı ilə təsdiq edilib. Növbəti qərarla İqtisadiyyat İnstitutunun Elmi Şurasının tərkibində dəyişiklik olunub. Həmçinin, Rəyasət Heyəti Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmlər doktoru hazırlığı üzrə dissertantı Elton Məmmədovun Almaniyanın Martin Luter Universitetinə ezam edilməsi haqqında qərar qəbul edib.

İclasın sonunda kadr məsələləri müzakirə olunub. Rəyasət Heyətinin qərarı ilə Səbuhi Qəhrəmanov AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyin edilib.


Teqlər:  





Xəbər lenti