Şad Xəbər: evlərin qiyməti ucuzlaşacaq

Şad Xəbər: evlərin qiyməti ucuzlaşacaq
  11 Dekabr 2015    Oxunub:6282
Mənzillərin qiymətinin gələn il necə olacağı ilə bağlı ziddiyyətli fikirlər səsləndirilir. Belə ki, bir neçə ay bundan əvvəl belə proqnozlar səslənirdi ki, payız mövsümü ilə əlaqədar ilin sonundan etibarən qiymətlər sabitləşəcək və gələn ildən etibarən mənzillərin qiyməti artmağa başlayacaq.

Ancaq son vaxtlar tamamilə bunun əksinə olan tendensiya müşahidə olunur. O cümlədən, bu, proqnozların verilməsinə də təsir edib. Yəni görünən odur ki, bazarda qiymətlərin stabilləşməsinə baxmayaraq, tələbin aşağı olması ekspozisiya müddətinin artımına təsir göstərib.

Ekspozisiya müddətinin artımı, müvafiq olaraq, əmlakın bu növü üzrə risq dərəcəsini də artırıb.

Bakı şəhərində qeyri-yaşayış sahələrinin qiymətlərini zonalar üzrə təhlil etdikdə bəlli olur ki, qiymətlərin stabilləşməsi zonalar üzrə qiymətlərə də təsir göstərib. Belə ki, kommersiya obyektlərinin qiyməti əhəmiyyətli şəkildə aşağı düşməsə də, yaşayış mənzillərinin qiyməti ucuzlaşıb. Baxmayaraq ki, qiymətdə ümumi düşmə müşahidə olunsa da, bu çox azdır, amma azalma var.

Bəzi ekspertlərin fikrincə, azalma zəif müşahidə olunsa da, növbəti ildə bu proses davam edəcək. Çünki tələb və təklifin strukturundan asılı olmayaraq, obyektlərin qiymətinin formalaşması bazara çox ciddi təsir göstərir.

Bəs gələn il necə olacaq? Qiymət dəyişikliyi gözlənilirmi?



MBA Consaltinq şirkətinin rəhbəri Nüsrət İbrahimov AzVision.az-a bildirib ki, 2016-cı ilin ilk aylarında daşınmaz əmlak bazarında aktivliyin aşağı səviyyədə qalması, qiymətlərin isə bir az da aşağı düşməsi ehtimalı var.

Ekspertin sözlərinə görə, Azərbaycan İpoteka Fondu (AİF)-nun və digər kommersiya banklarının daşınmaz əmlak bazarına və tikinti sektoruna dolayı müdaxiləsi mümkün sayılır.

O, hesab deyir ki, əgər bu yolla bazara əlavə pul kütləsi daxil olsa, bir müddət bazarda qiymətlərin stabilləşməsi aktivliyin isə qismən artımı ola bilər: “Bu proses bazara qısamüddətli (4-5 ay) təsir edə bilər. Çünki, bazara digər kanallardan (xaricdən və daxildə iri sosial, infrastruktur və s. layihlələrdən) pul daxilolmaları ehtimal olunmur. Bu baxımdan ümumən il üzrə qiymətlərin bir az da, yəni 12-15% düşəcəyi ehtimalı daha böyükdür. Digər tərəfdən isə manatın xarici aparıcı ölkələrin valyutalarına nisbətən məzənnəsinin aşağı düşmə ehtimalı da qalır. Əgər bu baş versə, bazarın uzunmüddətli böhranı qaçılmaz olacaq”-deyə N. İbrahimov bildirib.

Gültəkin Ələsgər



Teqlər:



Xəbər lenti