Azərbaycanda nə qədər qadın polis var?

Azərbaycanda nə qədər qadın polis var?
  11 Dekabr 2015    Oxunub:20133
Nardaranda keçirilən xüsusi əməliyyatda qadın polislərin iştirakı diqqətdən yayınmayıb. Dünya praktikasında olduğu kimi, ölkəmizdə də qadın polislər əməliyyatlara cəlb olunur, onların xidmətlərindən əməliyyat-axtarış tədbirləri zamanı istifadə olunur. Bu isə ölkəmizdə son vaxtlar zərif cinsin nümayəndələrinin hüquq-mühafizə orqanlarına olan marağının artmasından irəli gəlir.

AzVision.az xəbər verir ki, Azərbaycanda qadın polislər Daxili İşlər Nazirliyi orqanlarında əsasən 102 qaynar xətt, statistika, kadrlar, istintaq və digər bölmələrdə çalışırlar. Son illər polis orqanlarında çalışan xanımların sayında artım müşahidə edilir. Həmçinin Daxili İşlər Nazirliyinin Polis Akademiyasına qəbul olan qızların sayında da artım müşahidə etmək olur.

Daxili işlər nazirinin müavini Oruc Zalov bildirib ki, Daxili İşlər Nazirliyi sistemində 2855 qadın xidməti fəaliyyət göstərir ki, bunun da böyük əksəriyyətinin, yəni 1350 nəfərinin xüsusi rütbəsi və vəzifəsi olan qadınlardır.

Bu isə Daxili İşlər Nazirliyinin ümumi heyətinin 11 faizini təşkil edir.

Nazir müavini açıqlamasında qeyd edib ki, ölkəmizdə qadın polislərin xidmət aparması təqdirəlayiq haldır.

Sabiq polis rəisi, ekspert Mahmud Hacıyev AzVision.az-a bildirib ki, son vaxtlar daxili işlər orqanlarında işləyən polis qadınların sayında artım müşahidə olunur.
Onun sözlərinə görə, son 5-6 ildə xanım polislərin fəaliyyəti xeyli güclənib: “Qadın polislər əsasən istintaq və xidmət sahəsində çalışırlar. Əməliyyat xidmətində isə demək olar ki, çox az hallarda iştirak edirlər. Avropa ölkələrində qadın polislər çoxluq təşkil edir. Bizimlə müqayisədə qonşu Gürcüstanda post patrul xidməti sahəsində qadın polislər çalışırlar. Bizdə isə bu xidmət sahəsində demək olar ki, qadın polis yoxdur. Gürcüstanda isə post patrul xidmətinin 70 faizi qadınlardır. Orada yol polisi ləğv olunduğu üçün xanımlar həmin orqanın işini icra edirlər”.



Ölkəmizdə post-patrul xidmətində çalışan xanım polislərin sayının az olmasına gəlincə, M.Hacıyev qeyd edib ki, Azərbaycanda mentalitet məsələsinə görə xanımlar bu sahəyə maraq göstərmirlər.

“Hesab edirəm ki, bu istiqamətdə hüquqi maarifləndirmə və böyük təbliğat işləri aparmaq lazımdır. Hüquq fakültəsini bitirən xanımlar pasport və qeydiyyat şöbələrində, nazirliyin özündə və istintaq sahəsində işləyirlər, amma post patrul xidmətində işləməyə meyl etmirlər”.



Dünyanın bir çox ölkələrində yol-patrul xidmətində kişilərlə birlikdə xanımlar da işləyir. Amma ölkəmizdə bu hsahədə ancaq kişilər çalışır, xanım polislərə ras gəlmək mümkün deyil. Bu nə ilə bağlıdır, xanımlarımız yol polisi olmaq istəmir, yoxsa...?

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev AzVision.az-a açıqlamasında bildirib ki, xanımların yol partul xidmətində işləməsi üçün onlara müraciət daxil olmayıb.

Şöbə rəisinin sözlərinə görə, hazırda Azərbaycanda yol-patrul xidmətində işləyən xanım əməkdaş yoxdur.

“Yol-patrul xidməti ağır səyyar xidmət olduğundan, qadınlar bu sahəyə müraciət etmirlər. Buna görə də zərif cins nümayəndələri arasında bu sahəyə meyl edən olmayıb. Xidmətin çətinliyi ilə bərabər, müəyyən qədər milli mentalitet də burada rol oynayır. Qadınlar daha çox oturaq işlərə üstünlük verirlər. Amma yol-patrul xidmətində qadın əməkdaşlara zərurət var. Belə ki, ölkədə sürücü xanımların sayı get-gedə artır”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti