“Taleh Bağırovun ucbatından gərginlik yaşandı” - Şeyx

“Taleh Bağırovun ucbatından gərginlik yaşandı” - Şeyx
  11 Dekabr 2015    Oxunub:2522
“Mən Nardaranda başqa dövlətin atributlarını heç vaxt görməmişəm”.
AzVision.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə APA-ya müsahibəsində deyib. Onun sözlərinə görə, qəsəbədə hələ sovetlər dönəmindən başlayaraq dini rəmzlərə ehtiramlı münasibət, xüsusən, Məhərrəmlik zamanlarında olub:

“Ümumən, İmam Hüseynin (ə) qətlə yetirilməsinin, Kərbəla hadisələrinin yad edilməsi ilə bağlı əzadarlıq keçirilən bütün Azərbaycan məscidlərində hər zaman qara matəm atributlarından istifadə olunub. Doğrudur, dinə aid rəmzlər məscid və ziyarətgahlarda, onlara aid ərazilərdə olmalıdır. Nardaranda çoxlu əməlisaleh, mömin insan var. Çox heyfsilənirəm ki, Nardaran sakinlərinin səmimiyyətindən istifadə edərək qəsəbəyə nüfuz etmiş bəzi "din təəssübkeşləri" - Taleh Bağırov və onun kimilərinin dini siyasi məqsədlərə, məkrli niyyətlərə alət etməsi ucbatından Nardaranda gərginlik yaşandı”.

“İranın bəzi din xadimləri hüquq-mühafizə orqanlarının Nardaranda keçirdiyi əməliyyat zamanı həlak olan aksiya iştirakçılarını şəhid, saxlananları “qəhrəman” , bütövlükdə bu hadisəni isə inqilab kimi xarakterizə ediblər” sualın cavabında isə Şeyx:

“Bu məsələdə vacib əhəmiyyət kəsb edən məqamları önə çəkmək lazımdır. Qətiyyətlə bildirmək istəyirəm ki, bəzi qüvvələrin təxribatına heç bir vəchlə uymaq olmaz. Nardaranda keçirilən əməliyyatdan sonra İran dövlətinin ali rəsmilərindən Parlament sədri Əli Laricani bəyan etdi ki, bu, Azərbaycanın daxili işidir. İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin açıqlama verdi ki, bu məsələyə İranın heç bir aidiyyəti yoxdur.

Əsas olan Azərbaycan və İran dövlətləri arasında dostluq, qardaşlıq, yaxın qonşuluq əlaqələridir ki, şükürlər olsun, bu baxımdan narahatlıq üçün heç bir əsas yoxdur. Azərbaycan rəsmilərindən ünsiyyətdə olduğum şəxslər də bu fikri vurğulayırlar ki, hər iki tərəfdən məqsədyönlü şəkildə dövlətlərarası münasibətlərə xələl gətirmək istəyən qüvvələr var. İran maraqlı ola bilməz ki, Azərbaycanda qarışıqlıq baş versin. Bizim ölkəmizdə sabitlik, sakitliyin olması İranın da marağındadır.

Azərbaycan dövləti də, öz növbəsində, qonşu İranda sülh, sabitlik, tərəqqinin, ölkələrimiz arasında qarşılıqlı əməkdaşlığın tərəfdarıdır. Yaddan çıxarmamalıyıq ki, çox sayda İran vətəndaşı Azərbaycanın müstəqilliyi uğrunda, Qarabağ savaşlarında canından keçib, bu döyüşlərdə yaralanan azərbaycanlılar İranda müalicə olunublar. Ölkələr, xalqlarımız arasında xoş münasibətlərə zərbə dəyməsinə imkan vermək olmaz. Hər iki tərəfdən qızışdırıcı mövqedən çıxış edənlərin fikri isə dövlətlərimizin rəsmi mövqeyini ifadə etmir”.

Taleh Bağırovun bu yaxınlarda Azərbaycana gələn İranın tanınmış din xadimi Ayətullah-Üzma Şeyx Hüseyn Nuri Həmədani ilə sıx görüşlərinə gəlincə isə: “Bəzi kütləvi informasiya vasitələri yanlış ictimai rəy formalaşdırmağa çalışaraq, dövlət çevrilişinə cəhdin qarşısının alınması ilə bağlı Taleh Bağırov və onun yaratdığı “Müsəlman birliyi" hərəkatının üzvlərinə qarşı həyata keçirilən əməliyyatları iranlı ali din xadiminin gəlişi ilə bağlamağa cəhd edir. Bu, həqiqətə uyğun olmayan məkrli dezinformasiyadır və qətiyyən yolverilməzdir” - deyə Şeyx bildirib.


Teqlər:





Xəbər lenti