Gəncədə Heydər Əliyevin anım günü keçirilib

Gəncədə Heydər Əliyevin anım günü keçirilib
  11 Dekabr 2015    Oxunub:2305
Azərbaycanın bugünkü inkişaf yolunun əsas istiqamətlərindən danışarkən birmənalı şəkildə qeyd etmək lazımdır ki, bu inkişaf ilk növbədə xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin ardıcıl davam etdirilməsinin nəticəsidir.
Bu sözlər ümummilli liderimiz, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anım günü ilə əlaqədar Gəncədə keçirilən elmi-praktik konfransda səsləndirilib. Heydər Əliyev Mərkəzində keçirilən konfransdan əvvəl iştirakçılar dahi rəhbərin mərkəzin qarşısında ucaldılmış abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar. Şəhər ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən elmi-praktik konfransı giriş sözü ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açdıqdan sonra ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və “Böyük ömrün anları” sənədli filmi nümayiş olunub.

Konfransda AMEA-nın Gəncə Bölməsinin akademik katibi, akademik Fuad Əliyevin “Heydər Əliyev və Azərbaycan elminin inkişafı”, Gəncə Dövlət Universitetinin dosenti Vüsalə Veysəlovanın “Azərbaycanın bugünkü inkişafı Heydər Əliyevin adı ilə bağlıdır”, millət vəkilləri Pərvin Kərimzadənin «Heydər Əliyev görkəmli dövlət xadimi, böyük siyasətçi idi», Naqif Həmzəyevin “Heydər Əliyev və gənclər siyasəti”, AMEA-nın müxbir üzvü, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərovun “Heydər Əliyev və Azərbaycanda aqrar elminin inkişafı”, xalq artisti Şahnaz Haşımovanın “Heydər Əliyevin Azərbaycan incəsənətinin inkişafında misilsiz xidmətləri” mövzularında məruzələri dinlənilib.

Elmi-praktik konfransa Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev yekun vuraraq, müstəqil Azərbaycanın bugünkü inkişafında görkəmli dövlət xadiminin gördüyü işlərdən danışıb. Bildirdi ki, Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi XX əsrin böyük dövlət xadimi, Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin adı xalqın simvoluna, əməlləri isə şəxsi hünər rəmzinə çevrilmiş, həyat və fəaliyyəti doğma xalqa və torpağa məhəbbət, sədaqət meyarı olmuşdur. Ümummilli lider Heydər Əliyev «Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır» – fikirləri ilə həmişə xalqına, Vətəninə necə bağlı olduğunu bəyan etmişdir.

Heydər Əliyevin keçdiyi həyat yoluna nəzər yetirdikdə xalqımızın dünəni, bu günü, sabahı aydın görünür. Milli özünüdərkin ən yüksək siyasi ifadəsi olan müstəqil dövlət ideyası Azərbaycanın yeni tarixində məhz Heydər Əliyevin adı və şəxsiyyəti ilə bağlıdır. SSRİ dövlət təhlükəsizliyi sistemində sıravi işçidən rəhbər vəzifəyə kimi yüksəlmiş ilk azərbaycanlı olan Heydər Əliyev sovet rejiminin ideoloji məsələlərə xüsusi həssaslıqla yanaşdığı vaxtlarda Azərbaycanın milli maraqları üçün mümkün olan bütün işləri gördü. Sovet rejiminin sərt qanunlarına baxmayaraq Azərbaycanda böyük iqtisadi, elmi və ədəbi-mədəni inkişafa, müstəqil düşüncəyə yol açdı. Qısa zaman kəsiyində Azərbaycan ittifaq tərkibində o zaman üçün müasir iqtisadi potensiala malik respublikaya çevrildi. Heydər Əliyevin rəhbərliyi ilə XX əsrin 70-ci illərində elə bir tarixi bünövrə yaradıldı ki, onun möhkəm dayaqları üzərində gələcəkdə müstəqil Azərbaycanın qurulması, yeni tarixin əsasının qoyulması labüd idi. Xalqımızın dahi oğlunun sovet dövründə Azərbaycan üçün gördüyü bütün işlər böyük gələcəyə hesablanmışdı və bu potensial müstəqillik illərində ölkəmizin başlıca dayaqlarını təşkil etdi.

Elmar Vəliyev vurğuladı ki, dahi şəxsiyyətin layiqli davamçısı Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində gündən-günə inkişaf edən Azərbaycan dünya birliyi ölkələri arasında özünə layiqli yer tutmuşdur.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti