Yaralanan neftçilərin 5-i xəstəxanaya qayıdıb

Yaralanan neftçilərin 5-i xəstəxanaya qayıdıb
  11 Dekabr 2015    Oxunub:1886
SOCAR-ın “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində ambulator müalicəyə buraxılan neftçilərdən 5-i yenidən Mərkəzi Neftçilər Xəstəxanasına (MNX) yerləşdirilib.
MNX-nın mətbuat katibi Aytən Fətəliyeva deyib ki, son 3 gün ərzində Məlikov Ehtiram, Yusifov Roman, Yusifov Mahal, Mikayılov Seymur və Qarayev Coşqun səhhətlərində yaranan problemlərlə bağlı yenidən xəstəxanaya müraciət ediblər.

O bildirib ki, hazırda xəstəxanada “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində xəsarət alan 19 nəfər müalicə olunur.

Mətbuat katibi əlavə edib ki, yenidən xəstəxanaya müraciət edənlərin əksəriyyəti psixi pozuntu, ürək bulanma, təzyiq və baş ağrılarından əziyyət çəkir: “Xəstələrin əksəriyyəti stress keçiriblər. Onlar ambulator müalicəyə buraxılanda bildirilmişdi ki, cüzi narahatlıq olan kimi dərhal xəstəxanaya müraciət etsinlər. Xəstələrin çoxu xəstəxanada qalmaq istəyir”.

A. Fətəliyeva qeyd edib ki, xəstələr terapiya şöbəsində müalicə olunurlar: “Psixoloqlar briqadası xəstələrlə mütəmadi olaraq işləyir”.

Qeyd edək ki, dekabrın 4-də baş verəm qəzada 7 nəfər həlak olub, 23 nəfər itkin düşüb.(APA)


Teqlər:  



Xəbər lenti