`Əli Kərimli həbs edilməlidir...` - Siyasətçilərin mövqeyi

  11 Dekabr 2015    Oxunub : 5493
`Əli Kərimli həbs edilməlidir...` - Siyasətçilərin mövqeyi
Xəbər verdiyimiz kimi, dekabrın 8-də Nəsimi rayon Məhkəməsinin qərarı ilə AXCP sədrinin müavini Fuad Qəhrəmanlı barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, vətəndaşları hakimiyyət nümayəndələrinə qarşı itaətsizlikdə və dini iğtişaşlara çağırışlar etməkdə ittiham edilir.

Fuad Qəhrəmanlının həbsinə siyasətçilər münasibət bildiriblər.

Əli Kərimlinin davranışlarında radikal dini ekstremistlərə dəstək özünü hər zaman büruzə verib. Təsadüfi deyil ki, Taleh Bağırzadə və digərlərinin Milli Şuraya üzv olmasında və siyasi proseslərdə aktiv iştirak etməsində Əli Kərimli xüsusi rol oynayıb”.

Bunu AzVision.az-a açıqlamasında “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli deyib.

Partiya rəsmisi bildirib ki, Fuad Qəhrəmanlı ilə Əli Kərimlinin mövqeyi arasında heç bir fərq yoxdur:

“Milli Şura yaranan zaman Əli Kərimlinin həm radikal islamçıların ünvanına səsləndirdiyi fikirləri, həm də İran ayətullahlarını müdafiəsinə qalxmasını hamı xatırlayır. Bu baxımdan Fuad Qəhrəmanlının radikal dini ekstremizmə dəstək verməsi ilə bağlı açıq çağırışları bilavasitə Əli Kərimlidən qaynaqlandığı qətiyyən şübhə doğrumur. Bu, eyni xətdir. Hər iki şəxs eyni xətti həyata keçirir”.

E.Mirzəbəylinin fikrincə, Əli Kərimlinin bu günə qədər sərgilədiyi davranışlar Azərbaycanın konstitusion quruluşuna ziddir.

“Belə çağırışların dəfələrlə şahidi olmuşuq. Dövlət maraqlarının əleyhinə yürütdüyü siyasət, göstərdiyi fəaliyyət əslində Əli Kərimlinin bir neçə dəfə Fuad Qəhrəmanlının aqibətini yaşamasına şərait yaradıb. Amma, bəlli olduğu kimi bu adam hər zaman başqalarının arxasında gizlənir. Ətrafında olan insanları yanlış yola təhrik edərək, onların həbsinə nail olur. Sonra isə özünün qrant biznesini qurmağa çalışır. Bu, Əli Kərimliyə xas xüsusiyyətdir və bu günə qədər yürütdüyü siyasətin mahiyyətində bu faktor dayanır`, - deyə E.Mirzəbəyli vurğulayıb.

Partiya rəsmisi qeyd edib ki, Əli Kərimlinin əməllərinə hüquqi qiymət verilməlidir: “Əli Kərimlinin fəaliyyətində Azərbaycan dövlətinin əleyhinə zidd fəaliyyət açıq şəkildə ifadə olunur. Ancaq, bu insan hər zaman başqalarının arxasında gizlənməklə məsuliyyətdən yayınmağa çalışır”.

“Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov isə deyib ki, AXCP-nin tutduğu siyasi xətdə radikalizm həmişə olub: “Təəssüf ki, nəinki onlar özləri radikal olmaqda qalırlar, eyni zamanda digər partiyalar, müəyyən qruplar, yaxud cəmiyyət həyatında az-çox görünən insanlar radikal çıxışlar edəndə, müəyyən addımlar atanda daim onlara dəsətk verirlər. Bu gün AXCP-nin sosial bazası qalmayıb. Yalnız özləri qalıb və bir də “Azadlıq” qəzeti onlara dəstək verir. Bu da bütövlükdə onların siyasətini, mövqeyini müəyyən edir. Bu gün Azərbaycanda siyasi radikallıq keçmir. Bunu nə xalq qəbul etmir, nə də ölkədəki demokratiyanın inkişaf səviyyəsi buna əsas yaratmır. Bu insanlar isə daim radikallığın tərəfdarıdır, Taleh Bağırzadə kimi mövcud dövlət quruluşunu devirməyə çağırışlar edirlər”.

B. Sadıqovin sözlərinə görə, AXCP Azərbaycanın milli maraqlarına zərbə vuran insanları müdafiə edir: “Onların bu cəhdləri Azərbaycanın siyasi mühiti tərəfindən qəbul olunmur. Çünki, qanun, qəbul edilmiş normalar çərçivəsində mübarizə aparmaq, iqtidara gəlmək mümkündür. Əgər AXCP bunu istəyirsə, mövcud qanun və qəbul edilmiş normalar çərçivəsində mübarizə aparmalı, xalqın rəğbətini qazanmağa çalışmalıdır. Bunların nə ağıllı təhlilləri var, nə də xalqın rəbətini qazanacaq addımlar atırlar. Ona görə də daim radikallığa gedirlər. Radikallıq isə cəmiyyətdə qəbul olunmur. Eyni zamanda Azərbaycan iqtidarı sabitliyin pozulmasına imkan verməyəcək.

Əli Kərimli və ətrafında dini radikalizmi dəstəkləyən addımlar müvafiq orqanlar tərəfindən izlənilir. Dini radikalizmi dəstəkləyən çağırışlar qanun pozuntusudur. Qanunla onlara bir dəfə güzəşt olunar, bir dəfə cəzalandırılmazlar. Bu sistemli hal alanda qanun öz aliliyini göstərməklə belə halların qarşısını almağa borcludur”- deyə B.Sadıqov bildirib.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu hesab edir ki, Azərbaycanda konstitusion quruluşu zorla dəyişdirməyə çalışan insanlar cəzalandırılmalıdır:

“Peşəsindən, cəmiyyətdə tutduğu mövqedən, sosial statusundan asılı olmayaraq, Azərbaycan vətəndaşları qanun qarşısında bərabərdir. Heç kəs Azərbaycanın mövcud konstitusion quruluşunu zorla dəyişdirə, milli maraqlarının əleyhinə fəaliyyət göstərə bilməz. Azərbaycanda güclü milli dövlət var. Son hadisələr göstərdi ki, dövlət vətəndaşlarının maraqlarını qorumağa qadirdir. Ona görə də bu məsələlərdə kim iştirak edibsə və bu hüquq-mühafizə orqanları tərəfindən təsdiqlənəcəksə, cəza tədbirləri görüləcək”.

Ümumilikdə isə siyasətçilər hesab edirlər ki, Fuad Qəhrəmanlının cinayət əməlinə şərik olan Əli Kərimli həbs edilməli və öz cəzasını almalıdır.

Elvin Abdulqədirov

Teqlər: