Neft ucuzlaşarsa, Qarabağı azad edə bilərik?

Neft ucuzlaşarsa, Qarabağı azad edə bilərik?
  14 Dekabr 2015    Oxunub:4072
Neftin dünya bazarında qiyməti ucuzlaşmaqda davam edir. Bəzi ekspertlər hesab edir ki, neftin qiymətinin aşağı düşməsi Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərə bilər. Ekspertlər bunu Rusiya iqtisadiyyatının zəifləməsi ilə əlaqələndirilər.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə hesab edir ki, neftin qiymətinin aşağı düşməsi Dağlıq Qarabağ münaqişəsinin həllinə heç bir təsiri yoxdur: “Bir zamanlar deyilirdi ki, Rusiya Ermənistan hakimiyyətinə təsir edəcək və münaqişənin həlli tezləşəcək. Eyni zamanda Rusiyanın Türkiyə ilə münasibətlərinin yaxşılaşmasının da münaqişənin həllinə müsbət təsir edəcəyi vurğulanırdı. Ancaq, indi bu ölkələr arasında münaqişələr kəskin pisləşib. Ona görə də Rusiya münqişənin həllində maraqlı deyil”.



Politoloq qeyd edib ki, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə təsir imkanları böyükdür: “Amma bu o demək deyil ki, Rusiya iqtisadiyyatı çöksə, neftdən asılılığı artsa, münaqişənin həlli sürətlənə bilər. 90-cı illərdə Rusiya iqtisadiyyatı bərbad vəziyyətdə idi, ölkədə inkişafdan söhbət belə getmirdi, Çeçenistanda isə müharibə gedirdi. Bununla belə Rusiya Dağlıq Qarabağdakı proseslərə istədiyi kimi təsir edə bilirdi. İndi rus iqtisadiyyatının o illər səviyyəsinə enməsini güman etmirəm. Ancaq, bu baş versə belə Rusiya dağıdıcı siyasətindən əl çəkməyəcək. İndi Rusiya Krımı ilhaq edib, neft qiymətləri düşsə, bu o demək deyil ki, Rusiya Krımı əldən verəcək, Abxaziya, Cənubi Osteyiya, Dnestryanı bölgəyə dəstəkdən əl çəkəcək və ya Ermənistandakı hərbi bazasını çıxaracaq. Əlbəttə, yox. Rusiya iqtisadiyyatı nə qədər zəifləsə, neftdən asılılğı artsa da bu ölkənin hazırkı hakimiyyətinin fərqli bir xarici siyasət yürüdəcəyini düşünmürəm”



Politoloq Fikrət Sadıqov da hesab edir ki, neft qiymətlərinin düşməsi Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir etməyəcək: “Ümumiyyətlə, neftin qiymətinin düşməsini birbaşa Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir etməsi ilə əlaqələndirməzdim. Çünki, burada kəskin güclü geopolitik amillər var. Rusiya nə qədər zəifləsə də Ermənistanla müttəfiqlik münasibətlərindən əl çəkməyəcək. Yaxud o qədər zəifləyəcək ki, regiondakı təsir dairəsini itirəcək. Rusiya zəif olmasına baxmayaraq Krımı, Cənubi Ukraynanı işğal edib. İndi də Suriyada ABŞ-la baş-başa gəlir. Biz bunu görməliyik”.

F. Sadıqovun sözlərinə görə, Azərbaycan neft qiymətlərinin düşməsinin Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir göstərəcəyinə ümid etməməlidir: “Biz digər yollar axtarmalıyıq. Yəni, diplomatik səylər artırılmalı, hərbi potensial gücləndirilməlidir. Eyni zamanda aparıcı dövlətlərlə yaxından işləmək lazımdır”.

Politoloq Fərhad Mehdiyev isə sosial şəbəkədə yazdığı statusda qeyd edib:

Neftin qiymətinin düşməsinin (bəziləri bu düşüşün 20 dollar qədər ola biləcəyini deyir) bizə 2 xeyirli cəhəti var:

1. Qeyri-neft sektoru inkişaf etdiriləcək.

2. Rusiya zəifləyəcək; bir baxdınız xalq ayaqlandı; onda dərhal vaxt itirmədən Qarabağı azad edəcəyik.

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti