Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi oldu

Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi oldu
  14 Dekabr 2015    Oxunub:8447
Prezident İlham Əliyev Mədət Quliyevin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb.

AzVision.az xəbər verir ki, sərəncamla Mədət Qəzənfər oğlu Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib.

Mədət Qəzənfər oğlu Quliyev 27 sentyabr 1958-ci ildə Gəncə şəhərində anadan olub. O, 1980-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyyəsi İnstitutunu, 1997-ci ildə DİN-in Polis Akademiyasını bitirib.

1980-1982-ci illərdə Silahlı Qüvvələrin sıralarında həqiqi hərbi xidmət keçib.

M.Quliyev 1983-cü ildən daxili işlər orqanlarında xidmət edib. Cinayət-axtarış və mütəşəkkil cinayətkarlıqla mübarizə strukturlarında xidmət aparıb.

Daha sonra 1992-1994-cü illərdə Terrorizim və Banditizmlə mübarizə şöbəsinin rəisi, 1994-1995-ci illərdə DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Yevlax-Qazax Regional Şöbəsinin rəisi, 1995-1996-cı illərdə DİN-nin Mütəşəkkil Cinaytəkarlıqla Mübarizə İdarəsinin reketlə mübarizə şöbəsinin rəisi, 1996-2001-ci illərdə Azərbaycan Respublikası DİN-in Mütəşəkkil Cinaytəkarlıqla Mübarizə İdarəsinin rəis müavini, 2001-2002-ci illərdə həmin İdarənin rəisi, 2002-2004-cü illərdə DİN-nin Narkotiklərlə Mübarizə Baş İdarəsinin rəisi, 2004-2006-cı illərdə Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, 2006-2011-ci illərdə DİN-in Baş Mühafizə İdarəsinin rəisi vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 30.06.2005-ci il tarixli sərəncamı ilə ona polis general-mayoru rütbəsi verilib.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 1995-ci il tarixli fərmanı ilə polis polkovniki Quliyev Mədət Qəzənfər oğluna Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib.

Mədət Quliyev Azərbaycan Respublikasının Konstitutsiya dövlət quruluşunun müdafiəsində cinayətkarlıqla amansız mübarizədə, dövlətlərarası axtarışda olan residivist cinayətkarların saxlanılmasında və zərərsizləşdirilməsində şəxsən iştirakına, transmilli cinayətkarlığa qarşı mübarizədə xüsusi xidmətlərinə görə mükafatlara layiq görülüb.

Prezident İlham Əliyevin 14.02.2011-ci il tarixli Sərəncamı ilə Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi vəzifəsinə təyin edilib.

Digər bir sərəncamla ona ədliyyə general-leytenantı ali xüsusi rütbəsi veriib.

Ailəlidir. İki övladı var.

AzVision.az


Teqlər:  





Xəbər lenti