Bakı Limanı mütəxəssislər hazırlayacaq

Bakı Limanı mütəxəssislər hazırlayacaq
  15 Dekabr 2015    Oxunub:1535
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC və ADA Universiteti Logistika sahəsində Biznes İdarəçiliyi üzrə Beynəlxalq Magistr Proqramının (MBA) həyata keçirilməsinə dair anlaşma memorandumu imzalayıb.
Memorandumun məqsədi Bakı Limanının dəstəyi ilə logistika və daşımalar, nəqliyyat, limanların idarə edilməsi sahələri üzrə yüksək ixtisaslı və müasir tələblərə cavab verən kadrların hazırlanması üçün ADA Universitetində müvafiq ixtisasın tədris edilməsidir.

Görüşdə iştirak edən Xarici İşlər Nazirinin müavini, ADA Universitetinin Rektoru, səfir Hafiz Paşayev logistika sahəsinin ölkə iqtisadiyyatı üçün mühüm sahələrdən biri olduğunu vurğulayıb. O, bildirib ki, hazırda Universitetidə tədris edilən Biznes İdarəçiliyi üzrə Beynəlxalq Magstr Proqramı əlavə olaraq maliyyə, səhiyyənin idarə edilməsi, insan resulrsalrının idarə edilməsi, marketinq, texnologiyanın idarə edilməsi sahələrində də ixtisaslaşma təklif edərək Azərbaycanın sürətlə inkişaf edən biznes sektoruna mütəxəssislər hazırlayır. Cənab Paşayev "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” ilə də birgə proqramın uğurlu olacağına əminliyini ifadə edib.

İmzalanma mərasimdə iştirak edən "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov isə öz növbəsində bu memorandumun Bakı Limanının Azərbaycan cəmiyyəti və gələcəyi qarşısında korporativ məsuliyyət çərçivəsində peşəkarlar və karyerasını logistika sahəsində qurmaq istəyən vətəndaşlar üçün yaratdığı tədris və təlim imkanlarından biri olduğunu qeyd edib: "Təhsilə yatırılan investisiyalar uzunmüddətli və strateji əhəmiyyətlidir. Bakı Limanı Azərbaycanı mühüm nəqliyyat və logistika mərkəzinə çevirərək ölkə və regionun iqtisadiyyatında xüsusi rol oynamağı qarşısına məqsəd qoymuşdur. Azərbaycan gənclərinə yatırılan bu investisiyanı həm də məqsədimizə çatmaq istiqamətində atılmış mühüm addım olaraq dəyərləndiririk.” O, həmçinin bu əməkdaşlığın ölkə başçısının neft kapitalını intellektin və peşəkar kadrların inkişafına çevirmək strategiyasına da uyğun olduğunu vurğulamışdır.

Qeyd edək ki, Memoranduma əsasən 2016-cı ildə ADA Universitetində logistika sahəsində Beynəlxalq MBA proqramına qəbul olan tələbələrin təhsili Bakı Limanı tərəfindən maliyyələşdirələcək. Yüksək ali təhsil standartlarına cavab verəcək Beynəlxalq MBA proqramı ADA Universitetinin yerli və əcnəbi professorları tərəfindən ingilis dilində tədris ediləcək. Tədris proqramının müddəti 15 aydır. Bu müddət ərzində, tələbələr tədris proqramı çərçivəsində logistika və təchizat zəncirinin əsasları, iqtisadiyyatı, maliyyələşməsi, marketinqi, idarə edilməsi üzrə fənnlər və praktiki seminarlar keçəcək, eləcə dəxaricdə qısamüddətli təlimlər vasitəsi ilə uğurlu beynəlxalq təcrübədən yararlanmaq imkanı əldə edəcəklər. Təhsilini uğurla başa vuranlar Bakı Limanında işlə təmin olunacaqlar.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 18 mart 2015-ci il tarixli sərəncamı ilə yaradılılmışdır. Hazırda, Bakı Limanının Avrasiyada nəqliyyat və logistika mərkəzinə çevrilməsi istiqamətində beynəlxalq standartlara əsaslanan işlər görülməkdədir. Xəzər dənizində ən böyük liman olan Bakı Limanının Qaradağ rayonunun Ələt qəsəbəsində tikilməkdə olan yeni kompleksinin hər üç tikinti fazası bitdikdən sonra yükaşırma qabiliyyətinin 25 milyon ton olması nəzərdə tutulur.

AzVision.az


Teqlər:





Xəbər lenti