Dilində qüsur olan aparıcılar - Problem kimdədir?
Aparıcıların nitq qüsurları ilə bağlı hesabata teletənqidçi Qulu Məhərrəmli münasibət bildirib.
Q.Məhərrəmli AzVision.az-a açıqlamasında bildirib ki, monitorinqin nəticələri Azərbaycanda aparıcıların hamısının nitq qüsurlu olması demək deyil. Onun sözlərinə görə, televiziya şifahi dil olsa da, onun səsləndirilməsində bəzi qüsurlar var: “Burada ən önəmli qüsurlar Azərbaycan dilinin qaydalarına uyğun olmayan cümlə quruluşlarıdır. Bu nöqsanlar aparıcının yox, çox vaxt mətni yazanların təfəkküründən irəli gəlir. Televiziya dili şifahi dildir, ədəbi dilin bir qoludur. Amma bunun səsləndirilməsi ilə bağlı qüsurlar var. Vurğu düz deyilmir, intonasiya düz seçilmir, mətnin məzmununa uyğun intonasiya olmur, cümlə quruluşunda üslub səhvləri var. Cümlələrdə artıq şəkilçilər işlədilir. Məsələn, sözün kökü sakitlik, xoşbəxtlik olsa da, sakitçilik, xoşbəxtçilik kimi ifadə edilir. Bu kimi ifadələri bir, bir-iki aparıcı deyirsə, ona fikir verməmək olar, amma bütün aparıcıların belə danışması yolverilən deyil”.
Ekspert bəzi aparıcıların tənqid atəşinə tutulması düzgün yanaşma deyil. Onlar arasında işini bilənlər də var: “Monitorinqin aparıldığı müddətdə bu aparıcıların danışıqlarında qüsurlar aşkarlanıb. Bu qüsurların olmaması üçün aparıcılar çox çalışmalı və efirə yaxşı hazırlaşmalıdır. Aparıcının dilindən çıxan yalnış bir fikrin o dəqiqə lağa qoyulması düzgün deyil.
Canlı verilişin öz xüsusiyyəti var. Yalnışlıq ola bilər, anlayışla qarşılamaq lazımdır. Mili Televiziya və Radio Şurasının da keçirdiyi monitorinqin məqsədi odur ki, bütövlükdə ədəbi dilin qaydalarına riayət olunsun. Biz əgər mətni yazarkən Azərbaycan dilinin qaydalarına uyğun olmayan tərz seçiriksə, onları səhv deyiriksə, başqa dillərin təsiri ilə cümlə qururuqsa, deməli öz dilimizə hörmət etmirik. Vətənin sərhəddini, valideynlərimizi, evimizi qoruduğumuz kimi dilimizi də qorumalıyıq, hörmət etməliyik. Kimsə bunda qərəz axtarırsa, kimsə bunun bilərəkdən edildiyini düşünürsə yalnışdır. Bilirəm ki, onlar arasında çox tanınmış aparıcılar da var. Görünür həmin situasiyada onlar yaxşı formada olmayıb və efirə yaxşı hazırlaşmayıblar”.
Q. Məhərrəmli hesab edir ki, aparıcılar tənqid hədəfinə çevrilmək istəmirlərsə, Azərbaycan dilini mükəmməl şəkildə öyrənməlidir.
“Aparıcılar dilimizin səs təbiətini düz öyrənməli, intonasiyanı, vurğunun yerini yaxşı bilməlidirlər, mütaliələr aparmalı, dünya görüşləri olmalıdır. Bizdə aparıcını ilk dəfə efirə buraxırlar, daha sonra isə onun dili ilə məşğul olurlar. Belə olmaz. Aparıcı ilk növbədə laboratoriyadan keçməlidir, hazırlaşmalıdır, tam hazır olandan sonra efirə buraxılmalıdır. Xoşagəlməz hallarda bu səbəbdən yaranıb”.
Gültəkin Ələsgər
Teqlər: