Toğrul Nərimanbəyovun dəfn günü bəlli oldu

 Toğrul Nərimanbəyovun dəfn günü bəlli oldu
  29 İyun 2013    Oxunub:1206
Parisdə vəfat etmiş SSRİ və Azərbaycanın xalq rəssamı Toğrul Nərimanbəyovun dəfn mərasimi iyulun 3-də keçiriləcək.
Toğrul Nərimanbəyovun həyat yoldaşı Sevil Nərimanbəyova bildirilib ki, xalq rəssamı həmin gün yerli vaxtla saat 15:30-da (Bakı vaxtı ilə saat 18:30-da) Parisin Passi məzarlığında torpağa tapşırılacaq. Artıq bununla bağlı Paris merindən müvafiq icazə alınıb.

Xatırladaq ki, Passi məzarlığının əsası 1820-ci ildə qoyulub, bu məzarlıq Parisin mərkəzində, Sena çayının sağ sahilində, Yelisey meydanında yerləşir. Burada tanınmış siyasətçilər, mədəniyyət xadimləri, o cümlədən tanınmış rəssam Eduard Mane, rəssam Bert Morissoo, bəstəkar Klod Debüssi, bəstəkar Qabrile Fore, İran şahının qızı Leyla Pəhləvi və digərləri dəfn olunublar.

Qeyd edək ki, SSRİ və Azərbaycan Respublikasının dövlət mükafatları laureatı, SSRİ və Azərbaycanın xalq rəssamı, Azərbaycan prezidentinin fərdi təqaüdçüsü Toğrul Fərman oğlu Nərimanbəyov iyunun 2-də 83 yaşında vəfat edib. Mərhumun ikinci həyat yoldaşı Sevil Nərimanbəyova onun Fransada dəfn edilməsini istəyib. Lakin T.Nərimanbəyovun qızı Əsmər Nərimanbəyova buna qarşı çıxıb. O, atasının Azərbaycanda dəfn olunması tələb edib və Fransa məhkəməsində bununla bağlı iddia qaldırıb. Məhkəmə mərhumun Fransada dəfn olunması barədə qərar çıxarıb. Qərardan verilən apellyasiya şikayəti isə təmin olunmayıb.(Apa)


Teqlər:





Xəbər lenti