Azərbaycan `İslam koalisiyası`na qoşulmalıdırmı?

Azərbaycan `İslam koalisiyası`na qoşulmalıdırmı?
  17 Dekabr 2015    Oxunub:2352
Dekabrın 15-də Səudiyyə Ərəbistanı terrorçuluğa qarşı mübarizə məqsədi ilə islam ölkələrindən ibarət koalisiya formalaşdırdığını bəyan edib. Səudiyyə Ərəbistanın dövlət xəbər agentliyində yer alan məlumata görə, koalisiyaya Yaxın Şərq və Fars körfəzi ölkələri, habelə Malaziya, Pakistan, Türkiyə və bir sıra Afrika ölkələri daxildir. İran isə koalisiyaya cəlb olunmayıb.

Azərbaycanın islam ölkəsi kimi bu koalisiyaya qoşulub-qoşulmayacağı maraq doğrur.

Xarici İşlər Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev AzVision.az-a açıqlamasında bildirib ki, nazirlərin telefon danışığında Azərbaycanın “Terrorçuluğa qarşı İslam dövlətlərinin koalisiyası”na qoşulması məsələsi müzakirə olunub.



XİN rəsmisi bildirib ki, Azərbaycan qanunlarına görə hansısa koalisiyada iştirak ölkədaxili prosedurların tələblərinə əsasən nəzərdən keçirilməlidir və hazırda bu məsələ nəzərdən keçirilir.

Politoloqların isə Azərbaycanın bu koalisiyaya qoşulub-qoşulmaması ilə bağlı fikirləri üst-üstə düşmür.

Millət vəkili, politoloq Rasim Musabəyov hesab edir ki, Azərbaycan antiterror koalisiyasına qoşulmalıdır: “Nəzərə alasaq ki, Azərbaycanın yaxın müttəfiqləri Türkiyə və Pakistan bu koalisiyaya daxil olub. Ona görə də bizim iştirakımız zəruridir. Burada söhbət ondan getmir ki, Azərbaycan ora qoşun göndərsin, ortada informasiya mübarizəsi var. Burada Azərbaycan olmalıdır ki, beynəlxalq qurumlarda vahid bir mövqe formalaşsın. Ona görə də Azərbaycanın bu koalisiyada iştirakı məntiqlidir”.



Deputat fikrincə, İŞİD-ə qoşulan azərbaycanlılar ölkəmiz üçün təhlükəlidir: “Bu baxımdan məlumat mübadiləsi və siyasi cəhətdən əlaqələndirmiş formada bu koalisiyada iştirakımız vacibdir”, - deyə R. Musabəyov əlavə edib.

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bu məsələdə Azərbaycanın mürəkkəb seçim qarşısında olduğunu düşünür: “Səudiyyə Ərəbistanının terrora qarşı formalaşdırdığı islam koalisiyasında Azərbaycanın strateji müttəfiqləri - Türkiyə və Pakistan da yer alır. Bizə görə Ermənistanla diplomatik münasibəti olmayan və işğal altındakı torpaqlarımızın azad olunmasını tələb edən Səudiyyə Ərəbistanı bizə müttəfiq sayıla bilər.



Azərbaycan islam koalisiyasına qoşulmasa belə çıxacaq ki, şiə ittifaqında yer alır və Rusiyanın Suriyadakı maraqlarını nəzərə alırıq. Çünki, Kreml islam koalisiyasına şübhə ilə yanaşır. Səudiyyə Ərəbistanın islam koalisiyasında Azərbaycanın da iştirakına marağı var. Ən azı islam koalisiyası "sünni bloku" adlandırılmasın deyə Ər-Riyad Azərbaycanı yanında görmək istəyir. Ona görə də rəsmi Bakını mürəkkəb seçim gözləyir”.

Politoloq Qabil Hüseynli isə bildirib ki, Azərbaycan bu koalisiyaya qoşulmamalıdır: “Azərbaycan qoşulmayanlar hərəkatının üzvüdür. Eyni zamanda Azərbaycan bu koalisiyanın anti-Rusiya mahiyyət daşıdığını yaxşı başa düşür. Ona görə də Azərbaycan Rusiya ilə ehtiyatlı davranmaq üçün bu koalisiyaya qoşulmayacaq”.



Q. Hüseynli hesab edir ki, Azərbaycan bu koalisiyaya yanlız dəstək verən statusunda qoşula bilər: “İndoneziya da koalisyaya bu formada qoşulub. Hesab edirəm ki, Azərbaycan koalisyaya qoşulsa, bu formada etməlidir”.

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti