`ABŞ-da insan haqları kobud şəkildə pozulur`- Ombudsman Aparatı
Bunu AzVision.az-a Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı ABŞ Konqresinə təqdim olunan qanun layihəsinə münasibət bildirərkən deyib.
Aparat rəhbəri qeyd edib ki, Azərbaycanın müstəqil siyasət yeritməsi bəzi ölkələri qıcıqlandırır.
“Azərbaycanda müəyyən problemlər ola bilər. Amma bunu qlobal səviyyədə göstərmək və Azərbaycanda insan haqlarının kobud şəkildə pozulması kimi təqdim etmək ədalətsizlikdir”.
A.Səfixanlınının sözlərinə görə, Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı hər il hesabat verilir. Orada həm müsbət cəhətlər, həm də problemlər öz əksini tapır:“Başqa ölkələrə ilk növbədə tövsiyyə edərdik ki, öz ölkələrindəki vəziyyəti dəyərləndirdikdən sonra başqa ölkə ilə bağlı bu səpkili fikirlər səsləndirsinlər. Hazırkı dövrdə Azərbaycanda insan haqlarının təmini ilə bağlı onların qeyd etdiyi formatda problem yoxdur. Bu gün Azərbaycanda qanunlar var və qanunlar işləyir. Әsas məsələ odur ki, insan haqlarının təmini sahəsində dövlətin siyasi iradəsi var və buda həyata keçirilir”.
Qeyd edək ki, ABŞ-ın Nyu-Cersi dördüncü dairəsinin konqresmeni Kristofer Henri Kris Smit Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı ABŞ Konqresinə qanun layihəsi təqdim edib. Ölkəmiz əleyhinə kampaniya başladan konqresmen ermənipərəst mövqeyi ilə seçilir. Smit ABŞ-ın “erməni soyqırımı” tanımasının ən aktiv tərəfdarlarındadır. Smitin hazırladığı qanun layihəsi onun ermənipərəst mövqeyindən irəli gəlir.
Gültəkin Әləsgər