`Zərər çəkən Avropa Şurası olacaq` - Yaqlandın bəyanatına cavab
“Onun çıxışında konkret olaraq bu məsələ gündəmə gətirildi ki, üzv dövlətlər Avropa Şurasının qəbul etdiyi konvensiyaları yerinə yetirməkdən çəkinirlər, ehtiyat edirlər və bu da ümumiyyətlə, Avropa Şurasının bir qurum kimi mövcudluğuna təhlükə yaradır. Yaqland sözlərini təsdiq etmək üçün 10-15 ölkədən misal gətirdi. Mən bununla bağlı bir neçə məsələni diqqətə çatdırım. Birincisi, Böyük Britaniya Avropa Şurasının İnsan haqları konvensiyasını uzun illərdir müntəzəm olaraq yerinə yetirmir, hətta Avropa İnsan Haqları Məhkəməsinin qərarlarına əməl etmir. Bunu Yaqlandın özü də dedi. İkincisi, hər bir ölkə Avropa Şurasına daxil olarkən həmin konvensiyaların qeyri-şərtsiz həyata keçirilməsi ilə bağlı sənəd imzalayır. İlk dəfə Rusiya Federasiyası Konstitusiya Məhkəməsi qərar verdi ki, Avropa İnsan Haqları Məhkəməsinin hansı qərarı ölkənin Konstitusiyasına uyğun olacaqsa, onu yerinə yetirəcək. Üçüncüsü, Macarıstan bu iclasda öz Konstitusiyasının Avropa Şurasının konvensiyaları ilə uyğun gəlməməsi məsələsini qaldırdı. Dördüncüsü, bu yaxınlarda Polşada seçkilər nəticəsində Konstitusiya Məhkəməsinin hakimlərinin dəyişdirilməsi və bununla da Konstitusiyanın kobud şəkildə pozulması və sair məsələlər də qeyd olundu”.
"Bu gün Avropa Şurasında onsuz da dezinteqrativ proseslər gedir. Zərər çəkən Azərbaycan yox, böhran içərisindəki Avropa Şurası olacaq.
Ən böyük beynəlxalq pozuntu Azərbaycan torpaqlarının işğal olunmasıdır. Qoy, cənab Yaqland Azərbaycana araşdırıcı missiyanı göndərməzdən əvvəl bu missiyanı Dağlıq Qarabağa, digər işğal olunmuş torpaqlara göndərsin. Görsünlər ki, Ermənistan Avropa məhkəməsinin tələblərini necə yerinə yetirir".
Qeyd edək ki, Avropa Şurasının baş katibi Tyorbyorn Yaqland ilk dəfə öz səlahiyyətindən istifadə edərək Azərbaycanın Avropa İnsan Haqları Konvensiyasını necə yerinə yetirməsi üzrə rəsmi araşdırmaya başlayıb və bununla bağlı Azərbaycana araşdırıcı missiya göndərməyi qərara alıb.
Yaqlandın sözçüsü isə BBC Azərbaycancaya bildirib ki, araşdırmaya yüksək rütbəli AŞ rəsmisi, isveçrəli Philippe Boillat başçılıq edəcək. Cənab Boillat Avropa Şurasının İnsan Haqları üzrə Baş Katibidir.
Səfər növbəti "günlər və ya həftələr ərzində" baş verəcək - "Biz bunu mümkün qədər tez həyata keçirmək istəyirik", Baş Katibin ofisindən bildirilir.
"Biz fərz edirik ki, Baş Katibin nümayəndələri Azərbaycana daxil olmaqda çətinlik çəkməyəcəklər. Bu, Baş Katibin səlahiyyətindədir və biz Azərbaycan tərəfindən bununla bağlı heç bir yazılı şərh almamışıq", cənab Jaglandın sözçüsü əlavə edib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


