Neft quyularında yanğın belə söndürülüb - VİDEO

Neft quyularında yanğın belə söndürülüb - VİDEO
  17 Dekabr 2015    Oxunub:3362
Fövqəladə Hallar Nazirliyi (FHN) “Günəşli” neft yatağında yerləşən 10 saylı dərin dəniz özülündə dekabrın 4-də baş vermiş qəza nəticəsində yaranan yanğının söndürülməsi istiqamətində gördüyü işlərlə bağlı videogörüntü yayıb.
Nazirlikdən AzVision.az - a verilən xəbərə görə, “Günəşli” neft yatağında yerləşən 10 saylı dərin dəniz özülündə 4 dekabr 2015-ci il tarixində baş vermiş qəza nəticəsində yaranan yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi aidiyyəti üzrə fəaliyyətini davam etdirir.

Məlumat verildiyi kimi, dekabr 10-dan etibarən özüldə yanğınsöndürmə əməliyyatını həyata keçirən nazirliyin “Vixr-5” və “Vixr-8” gəmilərindən hər gün tərkibinə təcrübəli yanğınsöndürənlərin daxil olduğu 2 manqa xüsusi yanğınsöndürmə avadanlığı və mühafizə vasitələri ilə özülə desant edilir. Özülə desant edilən qruplar yanan quyular ətrafında SOCAR tərəfindən qəza-bərpa işlərini aparan işçilərin təhlükəsizliyini, təhlükə zamanı onların mühafizəsini təmin etməklə yanaşı, eyni zamanda, yanğının söndürülməsi işlərini həyata keçirirlər.

Yanğınsöndürənlərin gərgin səyləri nəticəsində dekabrın 15-də neft quyularının birində yanğını söndürmək mümkün olub.

Yanğınsöndürmə əməliyyatının fasiləsiz və yüksək peşəkarlıqla həyata keçirilməsini təmin etmək məqsədilə dekabr 15-dən nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin təcrübəli yanğınsöndürənlərindən təşkil edilmiş 11 nəfərdən ibarət qrup 10-cu özülə desant edilmişdir. Bu gün saat 13:00 radələrində ikinci neft quyusunda da yanğın söndürülüb. Özüldə yanan qaz quyularının yaxın zamanda söndürülməsi təmin ediləcəkdir.



AzVision.az


Teqlər:  



Xəbər lenti