Gizli yol polisi hansı yollarda olacaq?

Gizli yol polisi hansı yollarda olacaq?
  17 Dekabr 2015    Oxunub:3365
Yaxın vaxtlarda Gizli Yol Patrul xidmətləri tək Bakıda deyil, respublikanın bütün avtomobil yollarında fəaliyyət göstərəcək.
AzVision.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, Gizli Yol Patrul xidmətinin fəaliyyətə başlaması yol-nəqliyyat hadisələrinin azalmasına təsir edib. Gizli Yol Patrul xidmətinin effektivliyindən danışan K.Əliyev qeyd edib ki, Avropanın bir çox ölkəsində bu tətbiq olunur: “Bakıda bu il noyabr ayınınn 15-dən Gizli Yol Patrul xidmətinin tətbiqi yollarda qəzaların sayını xeyli azaldıb. İnkişaf etmiş ölkələrin əksəriyyətində belə gizli xidmətlər var. Bu xidmətin fəaliyyəti üçün xüsusi, müasir texniki avadanlıqlara çox ehtiyac yoxdur. Bunun üçün avtomobildə bir kameranın olması kifayət edir”.

K.Əliyev qeyd edib ki, Gizli Yol Patrul xidmətini sürücülər hiss edə bilməz: "Çünki sözügedən xidmətin əməkdaşları dövlət yol polisinin istifadə etdiyi "BMW" markalı avtomobillərlə hərəkət etmirlər. Müxtəlif markalı avtomobillər var, hətta onların arasında mikroavtobus da var. Onlar heç bir avtomobili saxlamırlar. Yəni, onların hansısa nəqliyyat vasitəsini saxlamaq səlahiyyəti yoxdur. Çünki onlar mülki avtomobillərdir".

AzVision.az


Teqlər:





Xəbər lenti