`Günəşli`dəki yanğın niyə gec söndürülüb? - Açıqlama

`Günəşli`dəki yanğın niyə gec söndürülüb? - Açıqlama
  18 Dekabr 2015    Oxunub:2623
“Günəşli” yatağındakı yanğın Xəzər dənizini yox, atmosferi çirkləndirib.
AzVision.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında nazirliyin ətraf mühit üzrə analitik depratamentin direktor müavini Mətanət Avazova məlumat verib.

Qurum rəsmisi bildirib ki, hadisə yerində neft sızıntısı baş verməyib: “Həmin quyular qaz-lift üsulu ilə işləyirdi. Hadisədən sonra quyulara qazın verilişi dayandırıldı və quyular fəaliyyətsiz formaya gətirildi. Bu gün orada heç bir yanğın, neft və ya qaz axıntısı yoxdur. Çirkləndirici maddələrə nəzarət üçün operativ ekspedisiya yaradılıb və hazırda orda analiz aparılır.”.

Mətanət Avazova hazırda 10-cu platformada olan nazirliyin Ətraf Mühitin Mühafizəsi Sektorunun müdiri Mirsalam Qəmbərovla canlı telefon əlaqəsi yaradaraq ərazidəki ekoloji vəziyyətlə bağlı ictimaiyyəti məlumatlandırıb.

Nazirlik rəsmisi qeyd edib ki, monitorinq planlı surətdə mütəmadi olaraq tədbirlər planına uyğun həyata keçirilir.

“İnsanlar arasında informasiya mübadiləsindən sui-istifadə edib ajiotaj yaradırlar. Mütəxəssislər hesab edir ki, əgər ətraf mühit məsələsi nəzərə alınmasaydı, yanğın daha tez söndürülərdi. Ətraf mühit çirklənməsin deyə yanğının söndürülməsi yubandı. Hazırda heç bir neft çirklənməsi yoxdur. Ərazi müvafiq orqanlar, SOCAR, BP, Xəzər Dəniz Gəmiçiliyi və digər qurumların texniki vasitələri ilə tam şəkildə təmin olunub. Bundan sonra ola biləcək çirklənməyə qarşı tədbirlər görülür.

Mütəxəssislər yaxşı bilir ki, mövcud quyular qaz-lift üsulu ilə çalışır, onlar fontan üsulu ilə işləmir ki,neft dağıntıları olsun. İnformasiya agentlikləri mövcud olmayan hadisələri insanlara çatdırmaqla çaşqınlıq yaradırlar”.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti