Ekspert: `Konqresdə bu cür layihələrin 96 faizi qəbul olunmur` - Müsahibə

Ekspert: `Konqresdə bu cür layihələrin 96 faizi qəbul olunmur` - Müsahibə
  18 Dekabr 2015    Oxunub:4043
ADA Universitetinin müəllimi, politoloq Elnur Sultanov “Azərbaycan Demokratiya aktı” ətrafında yaranmış vəziyyəti AzVision.az-a şərh edir.

Bu aktın qəbulu nə dərəcədə realdır? Qəbul olunması üçün layihə hansı prosedurlardan keçməlidir?

- Hər il Amerika Konqresinə 5-6 min layihə təqdim olunur. Bunlardan cəmi 200-ü qanuna çevrilir. “Azərbaycan Demokratiya aktı” da bu kimi layihələrdən biridir. Konqresmenin adından verilmiş bir layihədir. Layihə hələ başlanğıc mərhələsindədir və ancaq onu təqdim edən şəxsin daxil olduğu lobbinin fikirlərinin ifadəsidir.

Birinci növbədə bu sənəd komitəyə və alt komitəyə getməlidir. Əgər alt komitə qərar versə ki, layihəni nəzərə alacaqlar, bundan sonra komitəyə göndəriləcək. Daha sonra Amerikadakı seçki kameralarından birinə göndəriləcək. Orada təsdiq olunduqdan sonra, gərək başqa bir kameradan da keçsin. Layihəyə təsdiq olunduqdan sonra yenidən baxılmalıdır. Ona görə də bunun ciddi bir addım olmasından danışmaq həddindən artıq çox tezdir.

Sənəd bir konqresmenin bəyanat verməsi kimi bir şeydir. Ciddi şəkildə qəbul olunmasına ehtiyac yoxdur. Qanun layihəsində heç bir halda maliyyə sanksiyasından bəhs olunmur. Layihənin orijinal versiyasını da oxumuşam. Maliyyə sanksiyası söhbəti ümumi görüş zamanı dilə gətirilir. Hətta bu akt qanuna çevrilsə belə, onun içərisində maliyyə sankiyasının tətbiqi məsələsi yer almır. Odur ki, bu, Amerika hökumətini Azərbaycana qarşı maliyyə sanksiyaları tətbiq etməyə çağıran bir sənəd deyil.

Kris Smitin özü Amerika Milli Konqressi tərəfindən A+ qiyməti alan bir şəxsdir. Amerika Konqresində çox nadir adamlara bu qiyməti verirlər. Kris yeganə şəxlərdən biridir ki, bu qiyməti alıb. O, erməni Alt Komitəsinin üzvüdür.

Biz bilirik ki, Helsinki Komissiyası ATƏT-in tərkib hissəsidir. Onların Azərbaycana qarşı tutduqları mövqe də hər kəsə məlumdur. Bununla adı ATƏT-lə bağlı olan qurumların hələ də Azərbaycana xeyir vermədikləri və necə bir təhlükə törətdikləri bir daha ortaya çıxmış olur.

-Kris Smit kimi konqresmenlərin irəli sürdükləri layihələrin qəbul olunma şansı nə qədərdir?

- Bu tip layihələrin qəbul olunma şansı çox azdır. İrəli sürülən təkliflərin 96 faizi qəbul olunmur. Bir daha qeyd edim ki, Azərbaycanla bağlı sənəd adi bir konqresmenin adınından verilən qanun layihəsidir.

- Bu layihəyə Azərbaycanda necə yanaşılmalıdır?

- Bu, 535 konqresmenin arasında bir nəfərin fərdi görüşüdür. Ona görə də böyük səs-küy yaratmağa ehtiyac görmürəm. Biz Kris Smitə layiq olmadığı hörməti qazandırmamalıyıq. Təsəvvür edin ki, Azərbaycan Parlamentində bir nəfər Amerika ilə bağlı fikir irəli sürür. Sizcə, onun çıxışı Amerikada bu qədər səs-küyə səbəb olacaq? Ona görə də bunu çox ciddiyə almaq lazım deyil.

Hesab edirəm ki, səfirliyin işi bir az da artacaq. Qarabağın azadlığı və Azərbaycanın rifahı uğurunda çalışdığımız bir vaxda belə layihələrə əlavə enerji sərf etməli olacağıq. Burada əsas texniki fəaliyyətdir. Komitə ilə müəyyən işlər görmək lazımdır.

- Bu cür təşəbbüslərin arxasında hansı qüvvələr dayanır?

- Kris Smitin CV-si hər kəsə məlumdur. O, erməni tərəfinə yaxın olan bir adamdır. Yəqin ki, yenidən seçkilərdə iştirak edəcək. Ermənilərin qondarma soyqrımlarının anım mərasimlərində iştirak edən şəxsdir. Ermənilərin başına gələn hadisələrin genosid olaraq tanınması ilə bağlı dəfələrlə çağırışlar edib. Mənə elə gəlir ki, bu şəxsin kimlərə xidmət etməsini göstərən kifayət qədər əlimizdə sənədlərimiz var.

Hafiz Əhmədov
AzVision.az



Teqlər:  



Xəbər lenti