`Nöqsanı olanlar işdən çıxarılacaq`- Nazir əvəzi
Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində son vaxtlar aparılan kadr dəyişiklikləri və islahatlar diqqət mərkəzindədir. Baş Prokurorluqda aparılan ilkin istintaq zamanı nazirlikdə rüşvətxorluq, korrupsiya, dövlət əmlakının mənimsənilməsi, vəzifədən sui-istifadə kimi ciddi nöqsanlar, maliyyə yeyintilərinin olduğu üzə çıxarılıb. Nazir Əli Abbasovla yanaşı, nazirliyin bir sıra struktur bölmə rəhbərləri işdən uzaqlaşdırılıblar.
Saytın məlumatına görə, rabitə və yüksək texnologiyalar nazirinin səlahiyyətlərini icra edən R.Quluzadə bu gün Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş ofisində idarənin fəaliyyəti ilə tanış olub və işdəki nöqsanların aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlar verib.
Sayt xatırladır ki, ötən gün isə “Azərpoçt” MMC-də nazirlik tərəfindən gözlənilməz reyd keçirilmişdi. Verilən məlumata görə, rabitə və yüksək texnologiyalar nazirinin səlahiyyətlərini icra edən R.Quluzadə qurumun fəaliyyətini yoxlamaq məqsədilə heç bir xəbər vermədən iş saatında “Azərpoçt”a baş çəkmiş və yerində bir sıra məsələlər üzrə yoxlamalar aparılmışdı.
R.Quluzadə açıqlamasında hazırda nazirlikdə bütün sahələr üzrə ciddi araşdırmalar aparıldığını deyib: “Nazirlikdə yeni struktur dəyişiklikləri edilir. Aparılan islahatlar nəticəsində qeyri-peşəkarlar və nöqsanlara yol verənlər işindən uzaqlaşdırılacaq və yeni kadrlarla əvəz olunacaq. Hazırda yeni struktur dəyişiklikləri ilə bağlı nazirliyin bölmələrinə müvafiq tapşırıqlar verilib...”.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


