Ayın 19-na düşən 19-cu görüş

Ayın 19-na düşən 19-cu görüş
  19 Dekabr 2015    Oxunub:3143
Bu gün Azərbaycan və Ermənistan prezidentləri İsveçrənin paytaxtı Berndə bir araya gələcəklər. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması məsələsinə baxılacaq.
Bu, İlham Əliyevlə Serj Sərkisyanın 2014-cü il oktyabrın 27-dən bəri ilk görüşü olacaq. Həmin gün dövlət başçıları Parisdə danışıq aparmışdılar. Bu gün ki, Azərbaycan və Ermənistan prezidentlərin sayca 19-cu görüşü isə Vaşinqtonda “Artsaxın müstəqilliyinin ildönümü” adlı tədbirin keçirilməsi, həmin tədbirdə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin qondarma rejimin “xarici işlər naziri” kimi təqdim edilən Karen Mirzoyanla görüşməsi, Ermənistan tərəfinin cəbhə xəttində atəşkəs rejimini kəskin şəkildə pozması və Rusiya xarici işlər naziri Sergey Lavrovun 7 rayonun geri qaytarılması təklifini verməsi fonunda baş tutacaq.

Belə bir gərgin vəziyyətdə prezidentlərin növbəti görüşündən müsbət nəticə gözləmək olarmı?

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu AzVision.az-a açıqlamasında bildirdi ki, prezidentlərin növbəti görüşündən müsbət heç nə gözlənilmir: “Çünki, görüşü təşkil edən ATƏT-in Minsk qrupunun həmsədr ölkələri arasında fikir ayrılığı var. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Tbilisidə Şərq Tərəfdaşlığı ölkələrinin VI Qeyri-Rəsmi Nazirlər Dialoqu toplantısında Dağlıq Qarabağ münaqişəsinin tənzimləməsinin hazırkı durumuna münasibət bildirərkən dedi ki, bu məsələ üzrə Rusiya xarici işlər naziri Sergey Lavrovun 7 rayonun geri qaytarılması təklifi üzərində işlənilir.



Nazir eyni fikri Bakıda Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında da təkrarladı. Rusiyanın bu təklifinin olduğunu təsdiqləyən ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik qeyd etdi ki, bundan başqa əlavə təkliflər var. Azərbaycan tərəfi bu günki görüşə gedərkən özünü Rusiya xarici işlər naziri Sergey Lavrovun təklifini müzakirə etməyə kökləyib. Amma, Ermənistan və ABŞ Rusiya tərəfinin təklifinin müzakirə olunmamasına çalışır. Ona görə də görüşdə müzakirə olunması üçün müxtəlif təkliflər hazırlayıb. Bura itkin düşənlərin siyahısının dəqiqləşdirilməsi, Şahbaz Quliyev və Dilqəm Əsgərovun Baqdasaryanla dəyişdirilməsi, atəşkəsin pozulması hallarının artması daxildir”.

Politoloq vurğulayıb ki, ABŞ və Ermənistan Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair təklifindən ciddi narahatlıq keçirir və təklifin müzakirə olunmamasına çalışırlar: “Hesab edirəm ki, bu gün baş tutacaq görüşdə gərgin müzakirələr olacaq. Çünki, Rusiyanın təklifi Azərbaycan tərəfindən imzalanmağa yaxın variantdır. Amma ABŞ və Ermənistan buna imkan verməməyə çalışır. Bunu hər iki ölkənin son hərəkətləri bir daha təsdiqləyir. ABŞ-da “Dağlıq Qarabağın müstəqilliyi” adlı tədbir keçirildi və Ceyms Uorlik bu tədbirə qatıldı. Serj Sarkisyan isə Dağlıq Qarbağın və Ermənistanın müdafiəsinin möhkəmləndirilməsi ilə bağlı Şura iclası keçirdi. Bu isə o deməkdir ki, həm Ermənistan, həm də ABŞ prezidentlərin növbəti görüşünü sabotaj etməklə məşğuldurlar”.



Politoloq Fikrət Sadıqov da hesab edir ki, prezidentlərin görüşü uğursuz alınacaq: “Görüş Ermənistan tərəfinin atəşkəs rejiminini pozması hallarının artması fonunda baş tutur. Əgər bu danışıqlar zamanı həmsədrlər tərəfindən yeni təklif olmasa, ciddi nəticə gözləməyə dəyməz. Hesab edirəm ki, hazırda aparıcı dövlətlərin əsas məqsədi tərəfləri sakitləşdirmək şüarı altında cəbhə xəttində atəşkəs rejiminin pozulması hallarının qarşısını almaqdır. Yəni, onların məsələyə ikili yanaşmaları münaqişənin həll olunmamasına gətirib çıxarır. Ona görə də hesab edirəm ki, həmsədrlər yeni təkliflər, ideyalarla çıxış etməlidrilər və ən əsası bu təkliflərin arxasında Ermənistana təzyiqlər olmalıdır”.

“Sergey Lavrovun münaqişənin həllinə dair təklifinin görüşdə müzakirəsi müsbət hal olar. Amma bu təklifin arxasında da əməli addımlar lazımdır. Ən əsası isə Ermənistanı bu məsələdə konstruktiv mövqeyə gətirmək lazımdır”- deyə politoloq vurğulayıb.

Elvin Abdulqədirov

AzVision.az


Teqlər:  



Xəbər lenti