Neftçilərin axtarışları nə yerdədir?

Neftçilərin axtarışları nə yerdədir?
  20 Dekabr 2015    Oxunub:3080
“Günəşli” platformasındakı 10 saylı dərin dəniz özülündə dekabrın 4-də baş vermiş qəza nəticəsində itkin düşənlərin axtarışları davam etdirilir. Hava şəraiti axrarış üçün tam əlverişlidir. Ancaq itkin düşənlərdən hələlik heç kimi tapmaq mümkün olmayıb.

AzVision.az xəbər verir ki, bu barədə ans press-ə “Günəşli” platformasında baş vermiş qəza ilə əlaqadar yaradılmış qərargahdan məlumat veriblər. Bildirilir ki, hazırda axtarışlara Fövqəladə Hallar Nazirliyinin 1 gəmisi, 1 helikopteri və 1 təyyarəsi, həmçinin Dövlət Sərhəd Xidmətinin 5 axtarış gəmisi və AZAL-ın 2 təyyarəsi cəlb edlib. Bundan başqa itkin düşənlərin tapılması istiqamətində dalğıclar da axtarış işlərini davam etdirirlər.

Qərargahdan ona da bildiriblər ki, neft quyularında yanğının qarşısı tam alınıb:

“Qaz quyularında isə təəssüf ki, hələlik yanğın davam edir. Yanğının qarşısının alınmasında əsas çətinlik hava şəraitidir. Hazırda xarici mütəxəssislər yanan qaz quyularınının söndürülməsi üçün bütün lazım olan texnikanı hazır vəziyyətə gətiriblər”.

Aparılan tədbirlər nəticəsində yanan neft quyularının hamısını söndürmək mümkün olub. Yanan üç qaz quyusunun söndürülməsi istiqamətində isə kompleks tədbirlər davam edir.

FHN-nin dövlət yanğından mühafizə xidmətinin rəis müavini Rza Xudiyev 2 gün əvvəl 10 saylı dərin dəniz özülündə təhlükənin sovuşduğunu bildirmişdi:

“Artıq alovun yanması vertikal vəziyyətdədir. Alovun yanması vertikal vəziyyətdə olanda, yanğın ətraf konstruksiyalar üçün bir o qədər də təhlükə yaratmır. Hazırda yanğının hüdürlüyü 8 metrdir. Bu isə zəif fantanlar qurupuna aiddir. Hesab edirəm ki, yaxın günlərdə yanğının tam söndürülməsi başa çatdırılacaq”.

Xatırladaq ki, dekabrın 4-ü axşam saatlarında “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə güclü yanğın hadisəsi baş verib. SOCAR-ın məlumatına görə, baş verən güclü tufan saat 17.40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub.

Rəsmi məlumata görə hadisə baş verən zaman platformada 63 nəfər olub. Onlardan 33 nəfər təxliyyə olunub, 7 nəfərin meyiti çıxarılıb, 23 nəfərin taleyi isə naməlumdur.

AzVision.az


Teqlər:  





Xəbər lenti