Dindarlar Kris Smitdən Konqresə şikayət edəcək

Dindarlar Kris Smitdən Konqresə şikayət edəcək
  21 Dekabr 2015    Oxunub:2114
“Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Helsinki Komissiyasının Konqresə təqdim etdiyi qanun layihəsində Azərbaycanda dini sahə ilə bağlı irəli sürülən əsassız fikirləri təkzib edən sübutlar ABŞ-ın Azərbaycandakı səfirliyi vasitəsi ilə ABŞ Konqresinə çatdırılacaq”.

AzVision.az-ın məlumatına görrə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

M. Qurbanlı deyib ki, Helsinki Komissiyasının Konqresə təqdim etdiyi qanun layihəsində gülməli məqamlar var: “Guya Azərbaycanda babtistlərə, protestantlara qarşı hansısa ayrı-seçkilik var, məhdudlaşdırma həyata keçirilib. Bu absurd və gülünc fikirlərdir. Mən bu barədə fikirlərimi iki gün əvvəl görüşdə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutaya da çatdırdım və müvafiq sənədləri təqdim etdim. Göstərdik ki, Azərbaycanda babtistlərin, protestantların, lüterantların ayrıca icmaları var. Bütövlükdə xristian dininə aid bütün cərəyanların, təriqətlərin icmaları Azərbaycanda azad şəkildə fəaliyyət göstərir. Yalnız o icmalara icazə vermirik ki, radikal xarakterlidirlər, provaslav və katolik kilsələri öz ölkələrində onlara icazə vermirlər. Layihədə Yeqova şahidlərinin də adı çəkilir. Yeqova şahidlərinin Azərbaycanda icması var. Xristian icmaları içərisində Azərbaycana ən çox kitab idxal edən də bu icmadır. O kitabların yayılmasını qadağan etmişik ki, onlar bütövlükdə xristian dünyasında qadağan edilib.

Mən sual etdim ki, bu kitabları Fransada, İtaliyada, Almaniyada, Böyük Britaniyada yayılmağa qoymurlarsa, Azərbaycan da bunu edir. Ona görə də Helsinki Komissiyasının sənədini tam qərəzli hesab edirik. Helsinki Komissiyasının layihəsinin indiki şəraitdə ortaya çıxması təxribat xarakterlidir və Konqresdə dəstəklənəcəyinə inanmıram. İnanmıram ki, konqresmenlər belə bir qərəzli sənədə səs vermiş olsunlar, ABŞ hökuməti də bu sənədin həyata keçməsinə şərait yaratsın. Belə bir sənədin ortada olması və müzakirəyə çıxarılması təxribat xarakterli bir hərəkətdir. Helsinki Komissiyasında Kristofer Smit adlı ermənipərəst konqresmenin fəallığı ilə bu sənəd ortaya çıxıb. Biz bu layihənin əsassız və qərəzli olduğunu ABŞ ictimaiyyətinə, ictimai rəyinə çatdırmalıyıq. Bizim sahə üzrə məsələləri biz faktiki olaraq ABŞ səfirliyi vasitəsi ilə Konqresə çatdırmışıq və bundan sonra da müəyyən sənədləri göndərərək dinlə bağlı göstərilən məqamların doğru olmadığını bildirəcəyik”.

Qeyd edək ki, bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “İlham Əliyev: Ahərbaycan tolerantlıq örnəyidir” kitabının təqdimatı zamanı Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Konqresə təqdim edilən qanun layihəsində Azərbaycanda din sahəsindəki əsassız fikirlərlərə etirazla bağlı ölkəmizdə fəaliyyət göstərən dini icmaların Konqresə birgə müraciət etməsini təklif edib.

M.Qurbanlının təklifi ilə bağlı dini konfessiyaların rəhbərləri razılığa gəliblər.

Helsinki Komissiyasının təqdim etdiyi sənədə etiraz əlaməti olaraq Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərlərinin imzası ilə ABŞ Konqresinə etiraz ifadə edən məktub göndəriləcək.

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti