Dollar Bakını bu hala saldı - FOTOREPORTAJ

Dollar Bakını bu hala saldı - FOTOREPORTAJ
  21 Dekabr 2015    Oxunub:20831
Azərbaycanda dolların 50 faiz bahalaşması elektron və məişət texnikası məhsullarının satışına ciddi təsir göstərib. Bir çox satış mərkəzləri müvəqqəti olaraq fəaliyyətlərini dayandırıb, əksər mağazalarda isə qiymət artımı müşahidə olunur.



Dolların bahalaşmasının ardından paytaxtın “28 May” metrostansiyası yaxınlığında yerləşən telefon mağazalarında qiymətlərin qalxıb-qalxmaması ilə maraqlandıq. Müşahidə apardığımız dükanlarda diqqət çəkən məqam malların üzərində satış qiymətlərinin olmaması idi. Səbəbini isə devalvasiyadan sonra məhsulların yeni qiymətlə satılacağı ilə əlaqələndirdilər.



Satıcılar bildirdilər ki, qiymətlərin qalxması qaçılmazdır. Murad adlı satıcının sözlərinə görə, yaxın günlərdə qiymətlər tənzimlənəcək:

“Bizə telefon və digər aksessuarları firmlar gətirir. Məhsulları onlardan dollarla alırıq, satışı isə manatla həyata keçirirk. Ona görə də dolların qalxması bizdən asılı olmayan səbəblərə görə, satışını həyata keçirdiyimiz malların qiymətinin qalxmasına səbəb olur”.



Devalvasiyadan öncə 239-249 manata satılan “Samsung Grand Prime Duos” telefonu hazırda 374 manata satışa çıxarılıb.



Bütün telefonların qiymətləri orta hesabla 110-210 manat bahalaşıb. Eyni zamanda əksər telefon mağazaları kreditlə satışı dayandırıb.



Paytaxtın ən böyük məişət texnikası satış mərkəzlərindən olan “Music Gallery”nin giriş qapısında “texniki səbəblərə görə bağlıdır” elanı yerləşdirilib. Mağaza rəsmilərindən “texniki səbəblərin” nə olduğunu öyrənə bilmədik. Amma sirr deyil ki, mağaza qiymətləri qaldırmağa hazırlaşır.



“Soliton” mağazalar şəbəkəsində isə hələlik qiymət artımı yoxdur. Mağaza rəsmiləri bildiriblər ki, bir neçə saatdan sonra malların yeni qiymətlə satışına başlanacaq.



“Tövsiyyə edirik ki, nə alırsınızsa, bu gün alın, bir neçə saatdan sonra qiymətlər qalxacaq”, - deyə mağazalar şəbəkəsindən bildirilib.

“Maqnit” mağazalar şəbəkəsində də ciddi qiymət artımı hiss olunur. Burada bütün malların kreditlə satışı dayandırılıb. Qiymətlər azı 2 dəfə qalxıb.

Ötən gün 1200 manat civarında satışa çıxarılan “İPhone 6S” markalı telefonlar dolların bahalaşmasından sonra bəzi mağazalardan 1700-1800 civarında satışa çıxarılıb.



Qeyd edək ki, bu gün Azərbaycan Mərkəzi bankı qərarı ilə ölkə valyutası üzən məzənnəyə keçib. Bununla da manatın hazırda dolların rəsmi məzənnəsi 47,63% və ya 0,501 manat artaraq 1,5500 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası da 47,88% və ya 0,5456 manat artaraq 1,6850 manata yüksəlib.

Elvin Abdulqədirov
Fotolar: Elvin Abdulla

Qalereya




Teqlər:  





Xəbər lenti