Azərbaycanda yeni dövlət agentliyi yaradılıb
AzVision.az - ın məlumatına görə, fərmana əsasən Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi yaradılıb. Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinə tapşırılıb ki, Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsinə aid normativ hüquqi aktların müddəalarına riayət edilməsinə nəzarətin həyata keçirilməsi, habelə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması üçün tədbirlər görsün.
Bakı Nəqliyyat Agentliyinin işçilərinin ümumi say həddi 160 ştat vahidi müəyyən edilsin. Nəqliyyat Nazirliyinin tabeliyində olan “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Agentliyin tabeliyinə verilib.
Daxili İşlər Nazirliyinə tapşırılıb ki, avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma zamanı sərnişin və baqaj daşınması qaydalarını pozan şəxslər barəsində tədbir görülməsində Agentliyə kömək göstərsin, habelə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma xidmətlərində ictimai asayiş qaydalarına riayət olunmasına nəzarəti gücləndirsin. Bakı Şəhər İcra Hakimiyyətinə isə tapşırılıb ki, müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma xidmətlərini yerinə yetirən avtomobil nəqliyyatı üçün Agentlik tərəfindən dayanacaq məntəqələrinin və avtomobil duracaqlarının yerləşdirilməsi, habelə nəqliyyat qovşaqlarının yaradılması üçün müvafiq yerlərin ayrılmasını təmin etsin.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


