Mikayıl Cabbarovun yeni qərarı böyük səs-küyə səbəb oldu

Mikayıl Cabbarovun yeni qərarı böyük səs-küyə səbəb oldu
  01 İyul 2013    Oxunub:24015
“Bakalavriat səviyyəsində qiyabi təhsil alan tələbələrin müəllim vəzifəsinə işə qəbuluna icazə verilmir”
Yeni təhsil nazirinin qiyabi təhsillə bağlı verdiyi qərar cəmiyyətdə birmənalı qarşılanmayıb. Belə ki, təhsil naziri Mikayıl Cabbarovun əmri ilə təsdiq olunan Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin müəllimlərə tələbatının müəyyənləşdirilməsi və müəllimlərin işə qəbulu qaydalarında “bakalavriat səviyyəsində qiyabi təhsil alan tələbələrin müəllim vəzifəsinə işə qəbuluna icazə verilmir” müddəası öz əksini tapıb. Bu, qərar isə ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub.

Görəsən, bu qərardan sonra qiyabi təhsil alan şəxslərin taleyi necə olacaq?

Məsələyə münasibət öyrənmək üçün Azərbaycan Müəllimlər İntitutunun rektoru, Milli Məslisin elm və təhsil komitəsinin üzvi Aqiyə Naxçıvanlıyla əlaqə saxladıq. Millət vəkili bu haqda məlumatsız olduğunu bildirdi. “Bu barədə heçnə deyə bilmərəm. Bu müzakirə olunmadan, necə qadağan edilə bilər? Yəqin ki, bu barədə müzakirə olacaq”-deyə, rektor əlavə edib.

Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev məsələyə münasibət bildirib. Onun sözlərinə görə, bakalavr təhsilini başa vurması haqqında sənədi olan insanların qanunvercilik üzrə ümumtəhsil məktəblərində işləmək hüququ var. Ekspert qeyd edib ki, bu təlimat və yaxud proqramlaşma hüquqi sənədlərə əsaslanmalıdır.

“Bir adamın arzusuna, istəyinə vəzifəsindən asılı olmayaraq, özünün baxışlarına görə irəli sürdüyü müddəanın hüquqi əsası yoxdursa, bu təbii ki, qeyri-qanuni sayılır. Bizim “Təhsil haqqında” qanunumuz var. Bugünə qədər də bakalavr pilləsini tamamlamış insanlar orta məktəbdə dərs demək hüququna malik olublar. Bu hüququ mənim fikrimcə əllərindən almaq, məqsədəuyğun deyil. Niyə? Ona görə ki, bakalavr pilləsini bitirmiş bütün insanlar magistraturada təhsil almaq imkanına malik deyillər. Yəni, magistraturaya qəbul planı azdır. Məsələn min nəfər bakalavr pilləsini bitirirsə, magistraturaya 200 nəfərlik yer verilir. Bəs bu 800 nəfər işləməsin? Magistraturada oxumaq imkanı yoxdursa, nə ilə məşğul olsun? Mən elə bilirəm ki, burada mühim tənzimlənmə aparılmalıdır. Nəzərdə tutulmalıdır ki, magistratura yüksək ali təhsillə yanaşı, elmi-tədqiqat bacarıqları verir. Orta məktəbdə dərs deyən hər bir müəllimin elmi-tədqiqat bacarıqlarına xüsusi təhsillə yiyələnməsinə ehtiyac yoxdur. Bu məsələyə birdən-birə belə münasibət mənim üçün müəmmalıdır. Niyə, səbəbi deyilmir. Nəyə əsaslanır? Amma mən bir pedaqoq kimi deyə bilərəm ki, bakalavr təhsili olan hər bir vətəndaş bütün müsabiqələrə o cümlədən, müəllimlik üçün işə qəbul müsabiqəsində iştirak etməyə haqları var”.

Bu qərarla bağlı universitetlərdə qiyabi təhsil ləğv oluna bilərmi və ya qəbul planı azaldıla bilərmi sualına isə Ə.Ağayev belə cavab verib:

“Qiyabi təhsili azaltmaq olar. Çünki, bizdə qiyabi təhsilə yanaşma ikilidir. Bəziləri elə bilirklər ki, lazımı səviyyədə bilik imkanı olmayan adamlar hardasa işləyərək subyektiv münasibətlərlə qiymət alaraq, qiyabi təhsili tamamlayır. Həm də maddi imkanı olmayan, və yaxud əyani təhsil almağa vaxtı olmayan insanlar var ki, bunlar qiyabi təhsil yolunu seçirlər. “Təhsil haqqında” qanunda təhsil alma formaları var. Əyani, qiyabi və hətta distant təhsil var. Bu formaların əleyhinə çıxmaq mümkün deyil. Orta yaşlı adamlar yaxşı bilirlər ki, keçmiş dövrün bütün vəzifəli şəxsləri qiyabi təhsil alıblar. Siyasi Büronunü üzvləri idi və böyük vəzifə daşıyırdılar. Çünki, qiyabi təhsil ala-ala işləyərək, o həyat təcrübəsini artırır. Qiyabi təhsili bu qədər gözükölgəli eləmək, 5-3 adam bundan sui-istifadə edirsə, ona görə o biri oxumaq istəyənləri nəyə görə kölgədə saxlayaq? Maneələri aradan qaldırmaq əvəzinə insanlar üzərində nələrisə tətbiq edirlər. Belə olmaz. Neqativ hal varsa, onu aradan qaldırmaq lazımdır”-deyə, Əjdər Ağayev əlavə edib.

Sevinc İltifatqızı



Teqlər:  





Xəbər lenti