Neft neçəyə başa gəlir?
“AzəriLayt” markalı neftin bir barelinin qiymətinə gəlincə, hazırda 36,71 dollar təşkil edib.
Qeyd edək ki, 2014-cü ilin yekunlarına görə, Azərbaycanda 41,9 milyon ton neft hasil edilib. Cari ildə 41,3 milyon ton, 2016-cı ildə isə hökumətin proqnozlarına uyğun olaraq 40,7 milyon ton neftin hasil olunacağı gözlənilir.
Bəs, görəsən, indiki şəraitdə neftin dünya bazarlarındakı qiymətini Azərbaycan üçün rentabelli saymaq olarmı? Ümumiyyətlə, neftin maya dəyəri hasilatla məşğul olan şirkətlərə neçəyə başa gəlir?
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, hələlik, indiki qiymətləri hasilatla məşğul olan şirkətlər üçün rentabelli saymaq olar: «Hazırda Azərbaycanda əsas böyük hasilatçı «bp-Azərbaycan» və SOCAR-dır. Belə ki, Azərbaycanın ixracatının 86 faizini neft təşkil edir, ancaq onun təqribən 82 faizi “bp-Azərbaycan” Şirkətinin payına düşür. Bu baxımdan, geniş auditoriyanı hədəf kimi “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından hasil edilən neftin dünya bazarlarına çıxarılması maraqlandırır.
“AÇG”dən hasil edilən neftin Ceyhan limanına gətirilmə xərcləri, ümumilikdə, hər barel üçün 12-12,5 dollar təşkil edir. Əgər alıcıya çatdırılma müqavilələri üzrə yerinə yetirilirsə, onda xərclər 15 dollar və məsafədən asılı olaraq bir qədər artıq olur. Ona görə də bu baxımdan neftin qiymətinin, hətta 20 dollara düşməsi belə, Azərbaycanın əsas neft ixracatçısının ziyanla işləməsinə gətirib-çıxara bilməz. Ancaq bir məsələ də var ki, bu zaman ortada mənfəət də olmur. Yəni, qazanılan vəsait, demək olar ki, xərclərin ödənilməsinə və bir sıra zəruri kapital qoyuluşlarına sərf edilir”.
O ki qaldı Azərbaycan Dövlət Neft Şirkətinin hasil etdiyi neftin maya dəyərinə, İlham Şaban bildirib ki, SOCAR-ın sonuncu hesabatında 1 ton neftin maya dəyərinin 98 manat olduğu göstərilib: «2013-cü ilin yekunlarına görə 1 ton neftin istehsal maya dәyәri 98,31 manat tәşkil edib vә 2012-ci ilin müvafiq dövrü ilә müqayisәdә 10,84 manat vә ya 12,4 faiz artıb. Faktiki olaraq son 3 ildə SOCAR-da neftin maya dəyəri hər il, orta hesabla, 11-12 faiz ətrafında artıb.
Əslində, SOCAR neftinin maya dəyərinin artmasının obyektiv səbəbləri var. Əvvəla, şirkətin yataqlarının böyük əksəriyyəti köhnə yataqlardır. Onlardan hasil edilən neft ildən-ilə daha çox vəsait tələb edir. İkincisi, son 2 ildə SOCAR hasilatın stabilləşdirilməsi yönümündə proqram tərtib etmiş və dənizdəki iri yataqlarda 200-dək quyunun qazılması yönümündə işlərə başlanılıb. Bu artıq bəhrəsini ötən ilin göstəricilərində verdi. “Azneft” hasilatın yüksəlməsi yönümündə real nəticələrə nail oldu. Quyuların qazılması isə dəniz şəraitində əlavə xərcdir ki, neftin maya dəyərinə təsir edir. Baxmayaraq ki, şirkət 2 ildir, ştat cədvəlində xeyli azalmaya nail olub. Bu hesabla 2014-cü ildə də həmin rəqəmi götürsək, onda 2015-ci ilin əvvəlinə Dövlət Neft Şirkətinin çıxardığı 1 ton neftin maya dəyəri 110,10 manat və ya 1 bareli üçün təqribən 19,5 dollardır.
Ancaq SOCAR öz neftini dünya bazarlarına Bakı-Novorossiysk kəməri ilə çıxarır. Bakıdan Novorossiyskə qədər tranzit xərci və tankerlərə doldurma əməliyyat xərclərini də nəzərə almaq lazımdır. Bir faktı da qeyd edək ki, SOCAR artıq uzun müddətdir ki, portlarda neft satmır, özü istifadəçilərə tankerlərlə xammalı çatdırır. Belə olan halda, təqribən, bütün xərclər 1 barel üçün 25 dollara başa gəlir. Burada bir faktı nəzərdən qaçırmaq lazım deyil ki, Novorossiyskdən satılan neft (Urals), adətən, Brent markalı neftdən bəzən 1 dollardan da uçuz olur”.
Mütəxəssis söhbət əsnasında növbəti il üçün neftin maya dəyərinin hansı həddən götürülə biləcəyinə də toxunub: “Adətən, neftin maya dəyəri növbəti il üçün real hasilat və real xərclər götürüldükdən sonra məlum olur. Ona görə də maya dəyəri keçmiş zamanda olan məsələdir. Gələcək zamanda maya dəyəri olmur. Onu proqnoz etmək olar. Hasilatın nə qədər olacağı ilə bağlı proqnoz olmadığına görə, neftin növbəti il üçün maya dəyərini hesablamaq mümkün olmur”.
Ekspert, həmçinin gələn il neftin qiymətinin nisbətən bahalaşacağını da vurğulayıb. Onun sözlərinə görə, 2016-cı ildə neftin orta qiyməti 60 dollar civarında olacaq.
Məsələyə münasibət açıqlayan iqtisadçı-ekspert Pərviz Heydərov isə bildirib ki, Azərbaycanda neft hasilatı SOCAR-a 12-15 dollara başa gəlir: “Neft hasilatına SOCAR hər barel üçün 12-15 dollar xərc çəkir. Amma bununla yanaşı, bu sahədə vəziyyət və müvafiq rəqəmlər sabit qalmır. Belə ki, hasilatın pik dövrü deyilən bir mərhələ var. Neftin maya dəyərinin ən ucuz dövrü məhz həmin mərhələyə aiddir. Başqa sözlə desək, hasilat enişə doğru gedəndə xərclər istər-istəməz artır; məsələn, artıq «Azəri-Çıraq-Günəşli” yatağında pik dövr geridə qalıb. Bu baxımdan, hasilata çəkilən xərclər ilbəil artır».
Ekspert, həmçinin vurğulayıb ki, hazırda neftin qiyməti hasilatla məşğul olan şirkətlər üçün rentabelli sayılsa da, bunu ixracatçı ölkələrə şamil etmək olmaz: «Ümumiyyətlə, götürsək, dünyada neft hasilatına ən çox xərc çəkən ölkələrdən biri Kanadadır; məsələn, bu ölkədə bir barel neftin hasilatı, təxminən, 60 dollara başa gəlir. Eyni vəziyyəti Rusiyanın şimal hissəsində çıxarılan neftə də şamil etmək olar. Ən ucuz neft isə Körfəz ölkələrində çıxarılır. Belə ki, hasilat, təxminən, 5-6 dollar civarında olur. Düzdür, neftin indiki qiyməti hasilatla məşğul olan şirkətlər üçün rentabellidir. Amma qiymətlər 20 dollardan aşağı düşərsə, bu onlar üçün də sərfəli olmayacaq. Çünki belə olan təqdirdə, həmin şirkətlər investisiya layihələri həyata keçirə bilməyəcək. Nəticədə, hasilat ilbəil aşağı düşəcək.
İndi mövcud situasiyadan daha çox ixracatçı ölkələr əziyyət çəkir. Yəni, həmin ölkələr ki, onların iqtisadiyyatı, büdcəsi neft üzərində qurulub. Tutaq ki, Azərbaycanın dünya bazarına çıxarmağa başqa məhsulu olsaydı, biz indiki qədər əziyyət çəkməzdik. Çünki ölkədəki əsas hasilatçılardan biri olan SOCAR əsas vergi ödəyicilərindən biridir. Təbii ki, onun gəlirlərinin azalması dövlət büdcəsinin zəifləməsi deməkdir». (hafta.az)