Müğənnilərdən nazirliyə irad: `Nə qədər vergi vermək olar?`

Müğənnilərdən nazirliyə irad: `Nə qədər vergi vermək olar?`
  23 Dekabr 2015    Oxunub:5255
Ötən gün Vergilər Nazirliyi gəlirini gizlədib vergidən yayınan şou-biznes nümayəndələrinin tam siyahısını açıqlayıb.
AzVision.az siyahıda adı çəkilən şou-biznes nümayəndələrinin bir neçəsi ilə əlaqə saxlayaraq onların fikirlərini öyrənməyə çalışıb.



Müğənni Ayaz Qasımovun köməkçisi: “Biz bu dövlətin vətəndaşıyıqsa, qazancımızdan vergi verməliyik. Ayazı nazirliyə çağırmışdılar. Gedib cəriməni ödədik. Narahat olmağa dəyməz, artıq hər şey normaldır”.



Müğənni Zamiq Hüseynovun köməkçisi Elnur isə müğənninin vergi borcu olmadığını dedi: “Zamiq bəy vergini vaxtında ödəyir, niyə axı onun adı siyahıya salınıb, bilmirik. Görünür, nəsə anlaşılmazlıq var. Biz bu məsələni araşdırıb, yoluna qoyacağıq”.



Tanınmış ifaçı Cavad Rəcəbov vergi borcunu bir həftə əvvəl ödədiyini deyir: “Vergi borcumu ödəmişəm, amma adım borcu olanların siyahısına salınıb. Məsələ ilə bağlı Lənkəranda yerləşən Vergilər İdarəsinin rəisi Sərxan Məmmədova zəng etdim. Dedi, narahat olma, həll edəcəyəm. Çünki, bir həftə bundan qabaq o, məni yanına dəvət etmişdi, qəbulunda oldum. Dedi, bu qədər borcun var, ödə. Həmin günün sabahı cəriməni ödədim. Əlimdə qəbz var. Ola bilsin ki, anlaşılmazlıq olub”.



Hazırda Bakıda olmayan xanım müğənni Sevinc Musayeva isə adının qeyd olunan siyahıya düşməsinə təəccübləndiyini bildirib.

“Mənim vergi borcumun olmasından xəbərim olmayıb. Bir ildən çoxdur müalicəmlə bağlı Bakıda deyiləm. Hazırda şou-biznesdə “qurunun oduna yaş da yanır” söhbətindəyəm. 3 ildir ki, vergi ödəyicisiyəm. İldə 4 rübə uyğun olaraq 50-100 manat vergi ödəyirik. Əlimdə də qəbzlər var. İndi bu nə məsələdir, bilmirəm, anlaşılmazlıqdır. Bakıya bu ayın 25-i gəlib aydınlaşdıracağam”.

Şahanə Rəhimli


Teqlər:  





Xəbər lenti