Əfqanıstan prezidenti Bakıya niyə gəlmişdi? - ŞƏRH

Əfqanıstan prezidenti Bakıya niyə gəlmişdi? - ŞƏRH
  24 Dekabr 2015    Oxunub:4648
Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qaninin Azərbaycana iki günlük səfəri başa çatıb. Əfqan lider səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev, baş nazir Artur Rasizadə ilə görüşüb, Milli Məclisdə deputatların fəaliyyəti ilə maraqlanıb.

Qani iki günlük səfəri zamanı Azərbaycanlı iş adamları ilə də görüş keçirib, Azərbaycan- Əfqanıstan münasibətlərinin gələcək perspektivlərini müzakirə edib. Prezidentin keçirdiyi görüşlərdə ölkələrimiz arasında iqtisadi əməkdaşlıq məsələləri geniş müzakirə mövzusu olub.

Millət vəkili, politoloq Elman Nəsirov əfqan prezidentin Bakı səfərini müsbət qiymətləndirib.

Politoloq hesab edir ki, Azərbaycanın xarici siyasətində ikitərəfli münasibətlər formatı əsas rol oynayır. Ona görə də Azərbaycan ayır-ayrı dövlətlərlə, xüsusilə müsəlman dövlətləri ilə münasibətlərə xüsusi diqqət ayırır. Bu nöqteyi nəzərdən Azərbaycan Əfqanıstanla münasibətlərin inkişafına maraqlıdır.

“Ölkələrimiz arasında təhlükəsizlik məsələlərində sıx münasibətlər mövcuddur. Beynəlxalq terrorizmə qarşı mübarizədə Azərbaycan sülhməramlıları Əfqanıstanda xidmət edirlər. Bu ölkənin təhlükəsizliyinə töhfə verirlər”.

Politoloq qeyd edib ki, iqtisadi əlaqələr baxımından iki ölkə üçün geniş imkanlar mövcuddur: “Azərbaycan regionun lider dövləti olmaqla, böyük iqtisadi potensiala malikdir. Bu baxımdan Əfqanıstan üçün Azərbaycanla əlaqələr əhəmiyyət kəsb edir”.

E.Nəsirov bildirib ki, müxtəlif parametrlər üzrə tərəflər arasında mövqelər üst-üstə düşür: “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Əfqanıstan ölkəmizin mövqeyini dəstəkləyir. Bu isə bizim üçün əhəmiyyətli bir məqamdır. Eyni zamanda tərəflər beynəlxalq təşkilatlarda da bir-birinin mövqeyini müdafiə edirlər. Hesab edirəm ki, Əfqanıstan prezidentinin Azərbaycana səfəri həm ikitərəfli, həm də çoxtərəfli format baxımından olduqca əhəmiyyətlidir”.



Politoloq Qabil Hüseynli isə bildirib ki, Əfqanıstanın yeni seçilmiş prezidenti ölkənin iqtisadi geriliyini aradan qaldırmaq istəyir: “Səfər iki ölkə arasındakı iqtisadi əməkdaşlığı genişləndirəcək. Doğrudur, Əfqanıstan geridə qalmış, aqrar ölkədir. Hazırda həmin ölkədə daxili-siyasi vəziyyət çox gərgindir. Ölkədə asayiş təmin olunmayıb. Eyni zamanda “Taliban” terror qruplaşması ölkənin iqtisadi inkişafına ciddi maneələr törədir. Buna baxmayaraq ölkənin yeni prezidenti Əfqanıstanın iqtisadi geriliyini aradan qaldırmaq niyyətindədir. Onun Bakı səfəri də məhz iqtisadi maraqlarla bağlıdır.

Əşrəf Qani azərbaycanlı iş adamları ilə görüş keçirdi. O, görüş zamanı iş adamlarını Əfqanıstana sərmayə yatırmağa səslədi. Bu təbii idi. Çünki çətin günlərini yaşayan Əfqanıstanda iqtisadi inkişafı təmin etmək üçün bu ölkəyə kapital qoyulmalıdır. Əslində, Əfqanıstanda bir az sabitlik yaransa, bu ölkəyə ciddi sərmayələr qoyula bilər. Hətta, Əfqanıstan gələcəkdə Azərbaycanın iqtisadi partnyoru ola bilər”, - deyə politoloq qeyd edib.

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti