ABŞ əleyhinə layihənin müəllifi: `Etiraz etməliyik...`
Sözügedən layihə ilə bağlı AzVision.az-a açıqlama verən deputat Rövşən Rzayev təqdim etdiyi layihənin Kris Smitə cavab olduğunu vurğulayıb. Millət vəkili hesab edir ki, ermənipərəst konqresmenə etiraz etmək, ona yerini göstərmək lazımdır.
“Azərbaycanın ərazisini işğal edən Koçaryan və Sarkisyan rejimi, separatçı qurumlar mütəmadi olaraq bütün dünyaya çatdırırlar ki, guya ölkəmizdə insan haqları pozulur, Dağlıq Qarabağa Azərbaycan tərkibində müxtariyyət verməklə orada “azad düşüncəli” Dağlıq Qarabağ erməniləri yaşa bilməzlər. Onlar Kris Smit kimi erməni lobbisinin təsiri altında olan konqres üzvlərini ələ alaraq bu cür addım atıblar ki, konqres səviyyəsində Azərbaycana qarşı qanun layihəsi həyata keçirilsin.
Guya, bunlar azad düşüncəli insanlardır?. Ermənilər Dağlıq Qarabağı Azərbaycanın tərkibindən çıxarmağa nail olmağa çalışır və istəyirlər ki, yeni bir Qarabağ yaratsınlar. Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin İdarə Heyətinin üzvü olaraq bu məsələ məni çox narahat edir. Əgər Kris Smiti Azərbaycanda insan haqları belə çox narahat edirsə, getsin, ABŞ vətəndaşlarının tövsiyəsinə uyğun olaraq öz ölkəsində pozulan insan haqları ilə məşğul olsun. Həmin qanun layihəsində onun diqqətinə çatdırmışam ki, hansı məsələləri aradan qaldırdıqdan sonra, bu barədə danışa bilər. Öz problemlərini görmədiyi halda, Azərbaycana qarşı bu cür ədalətsiz yanaşma və pərdəarxası olaraq ermənilərə xidmət edən layihənin qarşısını almalıyıq”.
Deputat Milli Məclisin sədrinə hazırladığı layihə ilə bağlı müraciət edəcəyini bildirib: “Layihə ilə əlaqədar parlament sədrinə müraciət edəcəyəm. Sonra nə baş verəcək, bunu zaman göstərəcək. Sözsüz ki, layihə mənim şəxsi təşəbbüsümdür. Azərbaycanla ABŞ arasında müsbət münasibətlər var. Biz öz dövlətimizin, müstəqilliyimizin mübarizəsinə hazır olmalıyıq. ABŞ-a burada müharibə elan etmirik ki? Biz ermənipərəst konqresmenə etiraz edirik və bildiririk ki, öz işləri ilə məşğul olsunlar, Azərbaycanın daxili işlərinə qarışmasınlar”.
Anar Kəlbiyev







Vaxtında, Aydın, Lazımlı!


