Böhran toyları da `vurdu` - Qiymətlər qalxdı
Paytaxtdakı məşhur şadlıq saraylarından birinin administratoru deyir ki, qiymətlərdəki artım onların təklif etdiyi menyuda da öz əksini tapacaq. Amma yenə də başlıca məqsəd toy sahibini bütün hallarda razı salmaqdır.
"Hələlik aldığımız məhsulların qiymətində elə bir dəyişiklik yoxdur. Amma biz konkret bir şey deyə bilmərik, hələlik müşahidə edirik. Nəzərə alsaq ki, menyudakı spirtli və spirtsiz içkilər xaricdən gəlir, təbii ki, qiymətlərdə dəyişiklik olacaq. Lakin bütün bunlar toy sahibi ilə razılaşdırılmış şəkildə həyata keçiriləcək. Heç kimi məcbur edə bilmərik ki. Toy üçün əvvəlcədən yer bron etmiş şəxslər narahat olmasınlar, çünki onlarla müəyyən razılığa gəlinib. Bundan sonra yer tutanlar üçün qiymətlərin necə olacağını isə rəhbərlik bir qərara gəldikdən sonra deyə bilərik".
Bəzi şadlıq sarayları isə hələ heç bir menyu dəyişikliyinə hazır deyil. Administratorlar bu barədə göstəriş almadıqlarını bildirirlər. Paytaxtın qabaqcıl şadlıq saraylarından birinin baş meneceri olan İqbal Alıyev hələlik qiymətlər məsələsində bir qərarsızlıq yaşadıqlarını bildirib: "Bizdə menyudakı meyvə və tərəvəzlərin bir qismi, həmçinin içkilər əsasən xaricdən gətirilir. Öyrənmişik ki, artıq onların qiyməti 30-40 % artıb. Tək xaricdən gətirilən məhsullarda deyil, yerli məhsullarda da qiymət artımı var və bu bizi də narahat edir. Münasib qiymətə aldığımız tərəvəzi indi ikiqat qiymətə alırıq. Çox acınacaqlı vəziyyətdir".
Bu artımın isə yer qiymətlərində özünü göstərəcəyi açıq-aydındır. Məsələn, İqbal Alıyev deyir ki, bahalaşmanı nəzərə alsaq, bu, 90 manatdan başlayan menyuda azı 20-30 manatlıq fərq deməkdir.
Düzdür, bu artım, təbii ki, təyin edilən toylara aid olmayacaq. Yeni menyu da toy sahibinin istəyinə uyğun olacaq. Amma bahalaşma qaçılmazdır.







Vaxtında, Aydın, Lazımlı!


