İdmançılarımızın dopinq qalmaqalı araşdırılır

İdmançılarımızın dopinq qalmaqalı araşdırılır
  25 Dekabr 2015    Oxunub:1947
“İdmançılarımızda dopinqin aşkarlanması təsdiqini taparsa, baş məşqçiyə sanksiya tətbiq olunacaq”
AzVision.az xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov 2015-ci ilin yekunlarına dair hesabatında deyib.

Nazir bildirib ki, dopinqlə bağlı araşdırmalar aparılır.

“İdmançılarımızın lisenziyaları bizdədir. Əgər onlarda dopinqin aşkarlanması təsdiq olunsa baş məşqçilər cəzalandırılacaq”.

Qeyd edək ki, Azərbaycan millisinin daha 3 ağırlıqqaldıranı dopinq testdən keçə bilməyib. Valentin Xristov (62 kq), Elxan Əliquluzadə (77 kq) və Silviya Angelovanın (48 kq) ardınca Firudin Quliyev (69 kq), İntiqam Zairov (94 kq) və Dadaş Dadaşbəylinin (105 kq) də orqanizmindən götürülən analiz müsbət nəticə verib. Belə ki, ABŞ-ın Hyuston şəhərində keçirilən dünya çempionatından sonra idmançılarımız növbəti qalmaqalla üzləşib. Rioya 4 lisenziyanı qazanan yığmamızın üzvlərinin bir-bir dopinqdə “ilişməsi” isə vəsiqələrimizi də sual altına alıb.

Yəni 6 ağırlıqqaldıranımızın A testi müsbət nəticələndiyindən B testini gözləmək məcburiyyətindəyik. Əgər bu yenidən təkrarlanarsa, ağırlıqqaldıranlarımız ömürlük diskvalifikasiya olunmaqla yanaşı, Olimpiadadan da kənar qalacaqlar.

Qeyd edək ki, Quliyev mundialda 6-cı, Zairovla Dadaşbəyli 9-cu yeri tutmuşdu. 3 atlet ümumilikdə isə millimizə 45 (20+17+18) lisenziya xalı qazandırmışdı.

Gültəkin Ələsgər


Teqlər:





Xəbər lenti