İctimai nəzarət necə olmalıdır? - Prezidentin qaldırdığı məsələ

İctimai nəzarət necə olmalıdır? - Prezidentin qaldırdığı məsələ
  26 Dekabr 2015    Oxunub:9207
“Önəmli qurumların başında dayanan insanlar vicdanla işləməlidirlər, öz cibini doldurmaq üçün yox, dövlət maraqlarını hər şeydən üstün tutmalıdırlar və ciddi nəzarət olmalıdır - dövlət nəzarəti və ictimai nəzarət”.

Bu fikirləri Azərbaycan prezidenti İlham Əliyev dekabrın 23-də 2015-ci ilin idman yekunlarına həsr olunan mərasimindəki çıxışında deyib.

Prezident çıxışı zamanı diqqətə çatdırıb ki, ölkədə neqativ halların qarşısının alınması üçün ictimai nəzarət olmalıdır: “Mən bir daha demək istəyirəm ki, ictimai nəzarət olmasa, biz istədiyimizə nail ola bilmərik. İctimai nəzarət nə deməkdir? Vətəndaşlar daha da fəal olmalıdırlar. Onlar xoşagəlməz hallarla üzləşəndə bu barədə məlumat verməlidirlər ki, biz işləri tənzimləyək, xoşagəlməz halların qarşısını alaq”,

Prezidentin qeyd etdiyi ictimai nəzarət Azərbaycan cəmiyyətində necə həyata keçirilməlidir?

Millət vəkili Zahid Oruc AzVision.az-a açıqlamasında bildirib ki, ölkə başçısı davamlı qaydada istər siyasi, istərsə də iqtisadi komandasını xalq qarşısında açıq tənqid edir, onlara məsuliyyətlərini xatırladır və ictimai nəzarəti həyata keçirilməsi üçün cəmiyyətdən dəstək istəyir.

Millət vəkilinin sözlərinə görə, dövlət başçısının şəxsiyyət amili istənilən milli problemlərdən çıxış yollarının tapılacağına ümid yaradır: “Doğrudur, devalvasiya vətəndaşları bir-birilə, yaxud onları bank və hökumət orqanları ilə üz-üzə qoyub və minlərlə sual yaradıb. Ona görə insanlar idarəedənlərdən cavab gözləyir, qeyri-müəyyənlik və çaşqınlıq yaradan qərarlara aydınlıq gətirilməsini tələb edir.

Mühüm iqtisadi dəyişikliklər dövründə, yaxud böhran situasiyalarında ictimai nəzarət güclü olmalıdır. İnsanlar üzləşdikləri problemləri bildirməli, şikayətlərini çatdırmalıdırlar. Ona görə də xalqın səsi parlamentdə, mediada və ictimai müzakirələrdə eşidilməlidir”.

Milli Məclisin üzvü bildirib ki, cəmiyyətin mövqeyini mediada, müxtəlif ictimai müzakirələrdə, parlamentdə görməliyik.

Deputat Tahir Rzayevin fikrincə, bütün sahələrdə ictimai nəzarət olmalıdır. İctimai nəzarət olarsa, insanlar özlərini daha məsuliyyətli hiss edər, işlərinə daha diqqətlə yanaşarlar.

“Bu gün bütün dünya ölkələrində ictimai nəzarətin həyata keçirilməsi çox vacib bir amil kimi qarşıya qoyulur. Bu ondan irəli gəlir ki, nəinki inzibati orqanlar, idarəetmə orqanları, rəhbər orqanları, eləcə də hər bir vətəndaş insanların vətəndaşların idarəetmə orqanlarına nəzarət etməlidir. Bu demokratiyanın bir təzahürüdür. Mən bunu düzgün hesab edirəm. Çünki bütün sahələrdə ictimai nəzarət olmalıdır. İctimai nəzarət olarsa, əgər insanlar özlərini daha məsuliyyətli hiss edərlər, öz işlərinə daha diqqətlə yanaşarlar. Hiss edərlər ki, bunlar üzərinə bir vətəndaş nəzarəti var”-deyə millət vəkili bildirib.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti