Pul dəyişənlərin köhnə oyunu: Sabotaj

Pul dəyişənlərin köhnə oyunu: Sabotaj
  28 Dekabr 2015    Oxunub:4247
Mehman Muradlı

Son dövrlər leksikonumuza yeni sözlər əlavə olunub. Ən dəbdə olan və reytinqləri qıranı devalvasiyadır.


Devalvasiyadan hərə öz məqsədi üçün gen-bol istifadə edə bilər və edir də. Bunun qarısını almaq isə bütün dövrlərdə olduğu kimi çətindi. İnzibati resursları nə qədər işə salsan da, insan nəfsi hər şeyi üstələyir.

Son 10 ay ərzində milli valyutamızın dollara nisbətən 98% qiymıtdən düşməsi illərdir vətəndaşlarımızın qanını zəli kimi soran bankların əlinə yeni, əslində isə köhnə vasitədən istifadə edərək qazanc mənbəyi açdı.

1994-cü ilin “Əsrin Müqaviləsi”nə kimi 1992-ci ildə dövriyyəyə buraxılmış Azərbaycan manatı qısa müddət ərzində maksimum həddə devalvasiyaya məruz qalmışdı. İnsanlar gecə yatıb səhər oyananda manatın dəyərdən düşməyinə o qədər öyrəşmişdilər ki, bu, baş verməyəndə narahat olurdular.

Həmin dövrdə bank sektorunda olan başıpozluq da süni devalvasiyanın artmasına səbəb olurdu.

1992-ci ildə yaradılmış Bakı Banklararası Valyuta Birjasında satışa çıxarılan valyutanı banklar birjanın istirahət günündə işləməməyini nəzərə alaraq, sonuncu iş günündə öz tədarüklərini görüb, istirahətlər günləri valyutanın qiymətinin qalxmasına səbəb olan əməliyyatlar keçirirdilər. Təbii ki, konvertləşmədən banklar deyil, bank sahibləri və inzibatçıları qazanırdı. Çünki valyutadəyişmə məntəqələri son iş günündə hesabatlarını bağlayırdı. Əlbəttə ki, həmin günün kursuyla.

“Əsrin müqaviləsi”ndən sonra respublikamıza neft bonuslardan daxil olan xarici valyutanın hesabına Azərbaycan manatı öz stabilliyini qoruyub saxlamağı bacardı. Bloombergdə Azərbaycan manatının hərəkət trayektoriyasına baxanda Kürdəmir yolunu xatırladan düz xətt görürdük. O arada, yəni 2008-ci ildə Azərbaycan manatının denominasiyası da baş verdi. 5000:1-ə nisbətində.

Son 21 il ərzində Azərbaycan manatının stabil qalması məlum məsələdir ki, neftin qiymətinin dünya bazarında yüksək olmasının nəticəsi idi. Neftin qiymətinin son 2 ildə dayanmadan enməsi bizim manat da daxil olmaqla neft hasilatıyla məşğul olan ölkələrin valyutasına təsirsiz ötüşməyə bilməzdi.

Gözlənilən gec də olsa, baş verdi. Manat qiymətdən düşdü. İlk həftədən yenə bankçılar köhnə adətləri yadlarına düşdü. Süni qiymət artımı. İndi bu işi görmək daha rahatdır. Sosial şəbəkədə əvvəl şayiəni buraxırsan, daha sonra bu şayiyədən bəzi informasiya resusları istifadə etməyə başlayır və məsələ həllini tapır.

İnsanlar psixoloji təzyiq altında dollar axtarmaq üçün küçələrə tökülüşürlər. Qazanan yenə də bank sahibləri olur. Çünki onların yaxşı hüquqşunasları var və bilirlər ki, bu cür qayda pozuntusuna görə cinayət məsuliyyəti yoxdur. Uzaqbaşı inzibati məsuliyyət daşıyırlar. Bu məsuliyyəti isə bu işin fəhləliyini edən valyuta dəyişmə məntəqəsinin xəzinədarının üzərində qalır.

1926-cı ildə SSRİ cinayət qanunvericiliyinə müstəqil cinayət növü kimi “əks-inqilabi sabotaj” termini gətirilir. Oxucularımızın əksəriyyəti sabotaj sözünü “Axırıncı aşırım” filmində kolxoz sədri İmanın Kərbəlayi İsmayıla dediyi “sənin bu elədiyin sabotajdı, Kərbalayı” bilirlər.

“Sabotaj” fransız sözüdür. Hərfi tərcüməsi taxta ayaqqabı və yaxud ayaqqabıların tappıltısı deməkdir. Mənası isə müəyyən və ya qeyri-müəyyən şəxslər tərəfindən dövlət aparatının zəifləməsinə xidmət edən hərəkət hesab olunur.

P.S. Allah bizi “Sabotaj nədi, ə?” sualını verəcəklərdən saxlasın


Teqlər:





Xəbər lenti