Qarabağ talanır: Ağdərədə daha bir filizsaflaşdırma zavodu açıldı

Qarabağ talanır: Ağdərədə daha bir filizsaflaşdırma zavodu açıldı
  29 Dekabr 2015    Oxunub:5179
Dekabrın 26-da işğal altından olan Dağlıq Qarabağ ərazisində daha bir filizsaflaşdırma zavodu istifadəyə verilib. Xəbəri erməni mətbuatı yayıb.

Ağdərə rayonundakı bu zavodu “Vallex Şirkətlər Qrupu” inşa edib. Məlumata görə, zavodun açılışında qondarma “Dağlıq Qarabağ Respublikası”nın saxta prezidenti Bako Saakyan, erməni elitasının nümayəndələri, erməni apostol kilsəsinin arxiyepiskopu Parqev Martirosyan, “Qarabağ Parlamenti”nin qondarma spikeri Aşot Qulyan , “baş nazir” Araik Arutyunyan iştirak edib.



Açılış mərasimində çıxış edən Saakyan zavodun istifadəyə verilməsi ilə yeni iş yerlərinin açılmasına, sosial-iqtisadi inkişafın güclənəcəyinə ümid etdiyini deyib.



Erməni saytlarından əldə etdiyimiz məlumata görə, Ağdərə filizsaflaşdırma zavodu sənaye istifadəsi üçün yararlı olan texniki qiymətli məhsullar əldə etmək məqsədilə bərk faydalı qazıntıların ilkin emalı ilə məşğul olacaq. Zavodda əlvan metallar (mis, mis-nikel, qurğuşun, sink, volfram, molibden, qalay, və s.), qara metallar (dəmir filizi, manqan, xrom) , qeyri-metallar və minerallar (fosfor, kalium, qrafit və digər materiallar), eləcə də kömür saflaşdırılacaq.



Qeyd edək ki, “Valex Group” və Qondarma Dağlıq Qarabağ `Respublikasi` Ağdərədə belə bir zavodun tikilməsi üçün hələ 2012-ci ildə müqavilə imzalamışdı. Bu vaxta kimi şirkət, zavodun tikintisi və faydalı qazıntı yataqlarının araşdırılmasına 80 milyon dollara yaxın investisya yatırıb.

Azərbaycanın ən zəngin faydalı qazıntı yataqları işğal olunmuş ərazilərdə qalır. Bildiyiniz kimi, erməni işğal altında olan ərazilərdə 5 qızıl, o cümlədən 155 digər faydalı mineral və kimyəvi maddə yataqları var. Kəlbəcər rayonunda Zod, Ağdərədə Qızılbulaq , Zəngilanda Vecnəli qızıl yataqları istismar edilsə də hələ ehtiyat metal qalmaqdadır. Təkcə Qızılbulaqda 14 qızıl yatağı, 47,9 mln. tonluq mis, Mehmanxanada 37,3 mln. ton qurğuşun, 40,4 mln. ton sink, Dəmirlidə 100 mln. ton sənaye əhəmiyyətli mis ehtiyatı və 5 ayrı qızıl yatağı var.

Hal-hazırda, ermənilər bu yataqları mənfəət mənbəyi kimi istismar edirlər. Bəzi yerlərdə faydalı qazıntılar hətta tükənmə həddinə çatıb. Buna baxmayaraq ermənilər illərdir ki, yeni ehtiyat yataqların araşdırmalarını davam etdirirlər. Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, son illər ərzində Dağlıq Qarabağda təbii resursları talan etmək məqsədilə 30 şirkət qurulub. “Valeks Şirkətlər” qrupu («Vallex Group») da onlardan biridir.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti