Milli Məclisin payız sessiyası başa çatdı - Müraciət

Milli Məclisin payız sessiyası başa çatdı - Müraciət
  29 Dekabr 2015    Oxunub:2025
Milli Məclisin payız sessiyasının sonuncu plenar iclasında 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə müraciət qəbul edilib.

AzVision.az xəbər verir ki, müraciəti Milli Məclis sədrinin müavini Bahar Muradova oxuyub.

Milli Məclis dünya azərbaycanlılarını birliyə, milli-mənəvi dəyərlərin qorunmasına, ümummilli problemlərin həllində birləşməyə çağırıb.

“Dünyanın qüdrətli xalqlarından biri olan Azərbaycan xalqının söz və əqidə, əməl birliyini təcəssüm etdirən həmrəylik günü ərəfəsində hər birinizi salamlayırıq. Xalqımızın milli-mənəvi bütövlüyünə nail olmaq üçün ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 24 il bundan əvvəl başlanmış hərəkat indi daha da geniş vüsət almaqdadır. Bu gün azərbaycanlılar milli mənlik şüuru əsasında sıx birləşmənin zəruriliyinin daha aydın dərk edirlər. Azərbaycan diaspora və icmaları inkişaf edir, möhkəmlənir, soydaşlarımızın siyasi-iqtisadi, sosial-mədəni hüquqlarının müdafiəsi işinə daha yaxından cəlb olunur.

Müasir dünyada cərəyan edən qlobal proseslər ciddi problemlərin yaranmasına səbəb olur, bir sıra hallarda xalqların tarix səhnəsində oynadıqları rolu yenidən dəyərləndirməsinə gətirib çıxarır. Həyat sübut edir ki, yalnız öz gücünü bir yerə toplamağı bacaran xalqlar etnik-siyasi hüquqlarını həyata keçirmək, milli mənafeylərini müdafiə etmək imkanlarını qoruyur saxlaya bilirlər”.

Müraciətdə Qarabağ problemindən, işğal olunmuş torpaqlardan söz açılaraq dünya azərbaycanlıları daha da sıx və bir olmağa çağırılır. Müraciət səsə qoyularaq qəbul olunub.

Azərbaycan Milli Məclisinin (MM) 2015-ci ildə sonuncu plenar iclası başa çatıb. Spiker Oqtay Əsədov sessiyanı bağlı elan edib.

MM sədri payız sessiyası dövründə Milli Məclisə seçkilərin keçirildiyini xatırladaraq sessiyanın məhsuldar olduğunu bildirib. Spiker parlament adından Azərbaycan xalqınə və prezident İlham Əliyevi qarşıdan Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə təbrik edib.

Sessiya dövlət himninin səsləndirilməsi ilə başa çatıb.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti