Gələn il 109 gün iş olmayacaq

Gələn il 109 gün iş olmayacaq
  30 Dekabr 2015    Oxunub:5722
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2016-cı ilin iş vaxtı normasını və İstehsalat təqvimini təsdiq edib.
Nazirliyin ictimaiyyətlə əlaqə şöbəsindən AzVision.az-a verilən məlumata görə, Nazirliyinin Kollegiyasının 29 dekabr 2015-ci il tarixli 9 nömrəli qərarı ilə 2016-cı ilin iş vaxtı norması və istehsalat təqvimi təsdiq olunub. İş vaxtı norması və istehsalat təqvimi mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda Əmək Məcəlləsinin tələblərinə uyğun şəkildə işçilərin iş vaxtı normasının düzgün hesablanması və tətbiq edilməsi məqsədinə xidmət edir.

İş vaxtı normasında bildirilir ki, Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “2016-cı ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 24 dekabr 2015-ci il tarixli 402 nömrəli qərarına əsasən, 2016-cı ildə 1-2 yanvar (Yeni il bayramı), 20 Yanvar (Ümumxalq hüzn günü), 8 Mart (Qadınlar günü), 20, 21 , 22, 23, 24 mart (Novruz bayramı), 9 May(Faşizm üzərində Qələbə günü), 28 May (Respublika günü), 15 İyun (Azərbaycan xalqının Milli Qurtuluş günü), 26 İyun (Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü), 6, 7 iyul (Ramazan bayramı), 12, 13 sentyabr (Qurban bayramı), 9 Noyabr (Azərbaycan Respublikasının Dövlət Bayrağı günü), 31 Dekabr (Dünya Azərbaycanlılarının Həmrəyliyi günü) iş günü hesab edilmir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə və Nazirlər Kabinetinin 2015-ci il 24 dekabr tarixli 402 nömrəli qərarına əsasən 2016-cı ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 25 mart, 30 may, 27 iyun, altıgünlük iş həftəsində isə 25 mart və 27 iyun tarixləri istirahət günləridir. Sənədə əsasən, 2016-cı ilin fevral ayı 29 təqvim günündən ibarət olduğuna görə il 366 təqvim günündən ibarət olacaq.

Gələn ildə beşgünlük iş həftəsində 243 iş günü (onlardan,6-sı bayramqabağı, 1-i Ümumxalq hüzn günü qabağı iş günləridir), iş günü hesab edilməyən 109 istirahət günü (onlardan, 4-ü iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşən həftələrarası istirahət günlərinin əvəzinə verilən istirahət günləri), iş günü hesab edilməyən 18 bayram günü (5-i istirahət günləri ilə üst-üstə düşən) və 1 Ümumxalq hüzn günü vardır. Əmək Məcəlləsinin 89-cu və 90-cı maddələrinə əsasən, ölkəmizdə gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz və bir qayda olaraq iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz.

Növbəti ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir. Bu zaman Məcəllənin 108-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq iş günü hesab edilməyən bayramqabağı, səsvermə, habelə Ümumxalq hüzn günü qabağı iş günlərində həftəlik iş günlərinin müddəti bir saat qısaldılır.

Qanunvericiliyə uyğun olaraq 2016-cı il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1937 saat təşkil edəcək. İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq tətbiq edilən bir istirahət günü olan altıgünlük iş həftəsi və müəyyən qeydiyyat (uçot) dövrü üçün növbə cədvəlləri beşgünlük iş həftəsinin həmin dövr üzrə iş vaxtı normasına riayət edilməklə tərtib olunur.
Əmək Məcəlləsinin 90-cı və 108-ci maddələrinə əsasən altıgünlük iş həftəsi tətbiq edilərkən həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan və bilavasitə sonrakı gün istirahət günü olan iş gününün müddəti isə 6 saatdan çox ola bilməz. Məcəllənin 91-ci, 92-ci və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qalan iş yerlərində səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və Ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır. Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün 2016-cı ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1937 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir. İş vaxtının qeydiyyatı (uçotu) dövründə və ya təqvim ili ərzində iş vaxtı saatları iş vaxtı normasına uyğun gəlirsə, ayrı-ayrı aylarda iş vaxtının normal iş vaxtından az və ya çox işlənilməsi halları, altıgünlük iş həftəsi cədvəlinə yenidən baxılması üçün əsas ola bilməz. Qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz.

Gültəkin Ələsgər


Teqlər:





Xəbər lenti