Dövlət Komitəsinin səlahiyyətləri artırıldı
Dəyişikliyə əsasən, bundan sonra nizamnamə kapitalında dövlətə məxsus paylar (səhmlər) olan müştərək müəssisələrdə və səhmdar cəmiyyətlərində dövləti təmsil edən nümayəndələr hüquqi şəxsin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri hüquqi şəxsin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərarın qəbul edilməsi barədə təkliflərini Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırmalıdırlar.
Digər dəyişikliyə əsasən, nizamnamə kapitalında dövlətə məxsus paylar (səhmlər) olan müştərək müəssisələrdə və səhmdar cəmiyyətlərində dövləti təmsil edən nümayəndələr özlərinin, hüquqi şəxsin direktorlar şurasının (müşahidə şurasının) və icra orqanının rəhbəri və üzvlərinin, hüquqi şəxsin struktur bölməsinin (filial, nümayəndəlik, idarə və s.) rəhbərinin qohumları (əri (arvadı), valideynləri, o cümlədən ərinin, arvadının valideynləri, babaları və nənələri, övladları, övladlığa götürənləri (götürülənləri), qardaşları və bacıları), eyni zamanda hüquqi şəxsin nizamnamə kapitalında ən azı 10 faiz və daha çox paya birbaşa və ya dolayı yolla malik olan hər hansı şəxslə bağlanılan əqdə münasibətdə aidiyyəti şəxs qismində çıxış etmələri, həmçinin həmin əqdlə əlaqədar öz maraqlarının xüsusiyyətləri (onun yaranması, həcmi və s.) barədə məlumatı təqdim etməlidirlər. Nizamnamə kapitalında dövlətə məxsus paylar (səhmlər) olan müştərək müəssisələrdə və səhmdar cəmiyyətlərində dövləti təmsil edən nümayəndələrin öz maraq xüsusiyyətləri ilə bağlı məlumata hüquqi şəxsin nizamnamə kapitalında ən azı 20 faiz payla iştirak etdiyi hüquqi şəxs, eyni zamanda hüquqi şəxsin nizamnamə kapitalında ən azı 10 faiz və daha çox paya birbaşa və ya dolayı yolla malik olan hər hansı şəxsdə və hüquqi şəxsin, nizamnamə kapitalında ən azı 20 faiz payla iştirak etdiyi hüquqi şəxsdə ən azı 20 faiz paya (səhmlərə) malik olan hər hansı şəxs barədə məlumat daxildir.
Hüquqi şəxsə aidiyyəti olan bu şəxslərlə bağlanması nəzərdə tutulan əqdin dəyəri hüquqi şəxsin aktivlərinin 5 faizədək hissəsini təşkil etdikdə, həmin əqd hüquqi şəxsin nizamnaməsinə uyğun olaraq, onun iştirakçılarının ümumi yığıncağı, direktorlar şurası (müşahidə şurası) və ya icra orqanı tərəfindən qəbul olunur. Bu halda iştirakçıların ümumi yığıncağında, direktorlar şurasının (müşahidə şurasının) və kollegial icra orqanının iclaslarında aidiyyəti şəxs olan iştirakçı (üzv) səsvermədə iştirak edə bilməz.
Beləliklə, bu dəyişikliklər nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan müştərək müəssisələrdə və səhmdar cəmiyyətlərində dövləti təmsil edən nümayəndələrin özlərinin iştirakçısı, təsisçisi olduğu, yaxud yaxın qohumlarının iştirakçısı, təsisçisi olduğu şirkətlərlə müqavilələr imzalanması ilə bağlı səlahiyyətlərindən sui-istifadənin qarşısını almağa hesablanıb. Bu dəyişikliklərə müvafiq olaraq Nazirlər Kabineti “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” qərarı, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”, “Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” qərarı, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”ndə dəyişikliklər edib.
Qeyd edək ki, “Nizamnamə kapitalında dövlətə məxsus paylar (səhmlər) olan müştərək müəssisələrdə və səhmdar cəmiyyətlərində həmin payların (səhmlərin) idarə olunması Qaydaları” nizamnamə kapitalında dövlətə məxsus paylar (səhmlər) olan müştərək müəssisələrdə və özəlləşdirmə zamanı dövlət mülkiyyətində müəyyən payın (səhmlərinin nəzarət zərfinin (15 faizinin) və ya məhdudlaşdırıcı hissəsinin (25,5 faizinin) saxlanılması barədə Azərbaycan Respublikasının Prezidenti və ya Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən qərar verilmiş, habelə tam özəlləşdirilməmiş səhmdar cəmiyyətlərində həmin payların (səhmlərin) səmərəli idarə olunması məqsədilə müştərək müəssisələrin və səhmdar cəmiyyətlərin idarəetmə orqanlarında dövləti təmsil edən nümayəndələrinin təyin olunması və iştirakı qaydalarını müəyyən edir. Nizamnamə kapitalında dövlətə məxsus paylar (səhmlər) olan müştərək müəssisələrdə və səhmdar cəmiyyətlərində dövləti təmsil edən nümayəndələr Azərbaycan Respublikasının qanunvericiliyinə və hüquqi şəxslərin təsis sənədlərinə əsasən müvafiq hüquq və vəzifələrə malikdirlər. (APA)
Teqlər: